Avropa Birliyinin Bakıdakı ofisində Qərb diplomatları ilə AXCP sədri Əli Kərimlinin görüşü olub. Görüşdə Avropa Birliyi, ABŞ, Almaniya, İngiltərə, Fransa, Belçika, Norveç, İsveç, Polşa , Xovatiya, Latviya və Litvanın səfirləri və ya nümayəndələri iştirak edib. Əli Kərimlini isə AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nrullayev müşayiət edib.
Görüş barədə "Azadlıq"a məlumat verən Əli Kərimli bildirib ki, AXCP-nin müvəqqəti qərargahının partladılması və sonra sökülməsi əsas müzakirə mövzusu olub: "Mən son hadisələr barədə Qərb diplomatlarına ətraflı məlumat verdim. O cümlədən 2006-cı ildən 2013-cü ilə qədər AXCP-nin qərargahsız fəaliyyət göstərdiyini, 2011-ci ildə icarəyə götürdüyümüz obyektin qapısının qaynaq edilərək, istifadəmizə verilməməsini diplomatlara xatırlatdım. Həmçinin, partladılmış mülkün sahibinin açıqlamalarını diplomatların diqqətinə çatdırdım. Bildirdim ki, o, ofisi bizdən alması üçün xeyli müddət imiş təhdid edilirmiş. Bunu bütövlükdə AXCP-yə və onun siyasi faliyyətinə qarşı bir terror əməli kimi qiymətləndirdim. Sonra ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq".
Modern.az