Modern.az

Politoloq: “Ərdoğan keçmiş hərbiçilərlə yeni ittifaq yaratmaq istəyir”

Politoloq: “Ərdoğan keçmiş hərbiçilərlə yeni ittifaq yaratmaq istəyir”

Təhsil

12 Mart 2014, 12:12

“Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ordu generallarını həbsdən azad etməsi iki hədəfə hesablanıb. Birinci hədəf yaxınlaşmaqda olan bələdiyyə seçkiləri ilə bağlıdır. Ərdoğan Türkiyədə qalmaqal yaradan böyük rüşvət və korrupsiya əməliyyatlarına rəğmən bələdiyyə seçkilərində qələbə qazanmağa ümidlidir. İkinci hədəf isə Fəthullah Gülən hərəkatını zəiflətməkdir”. Bunu Modern.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyədə ordu generallarının azadlığa buraxılmasını şərh edərkən deyib. O bildirib ki, Ərdoğan Fəthullah Gülənin Türkiyədəki tərəfdarlarını sıradan çıxarmaq üçün keçmiş hərbiçilərlə müttəfiqliyi vacib sayır. Vaxtilə Ərdoğan-Gülən ittifaqının “Ergenekon” əməliyyatı ilə ordu generallarını həbs etdirməsini xatırladan ekspert bildirib ki, indi situasiya dəyişib. Politoloq bu amili nəzərə alaraq hesab edir ki, Ərdoğan bir zaman qarşı olduğu şəxsləri indi  həbsdən azad etməklə bütün təqsirləri  nurçu camaatın lideri Fəthullah Gülənin üzərinə qoymaq istəyir. “Ərdoğan demək istəyir ki, bu həbslər Gülənə bağlı prokurorlar, hakimlər tərəfindən həyata keçirilib. Baş nazir bununla özünün  “Ergenekon” əməliyyatlarında heç bir günahı olmadığı görüntüsü yaratmaq iddiasındadır. Bir sözlə, Ərdoğan azad edilən hərbiçilərin simasında özünə yeni ittifaq yaradır”.

Politoloq Türkiyədə ordunun yenidən siyasi səhnəyə geri dönəcəyini düşünmür. Onun sözlərinə görə, hərbi çevrilişlər dövrü artıq tarixdə qalıb və bunlar bir daha təkrarlanmaz: “Heç bir ağıllı general artıq belə şeylərə baş qoşmaz. Ancaq həbsdən çıxan generalların siyasətə baş vura biləcəkləri normal haldır. Bu, heç bir qanunla qadağan edilməyib. Keçmiş generallardan kimin reytinqi yüksəkdirsə, onlar siyasi proseslərə qoşula bilərlər”.

Qeyd edək ki, Türkiyədə “Ergenekon” əməliyyatı zamanı həbs edilən keçmiş generalların azadlığa çıxması barədə məhkəmə qərar çıxarıb.

 

Aqşin Kərimov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı