Azərbaycanda Qarabağ əlilləri ilə bağlı yeni sənəd hazırlanır. Modern.az-a daxil olan məlumata görə, müvafiq dövlət qurumlarının hazırladığı yeni sənəddə Qarabağ əlillərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onların maddi və mənəvi durumlarının yüksəldilməsində əlavə imkanların yaradılması nəzərdə tutulur. Artıq məsələnin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
Milli Məclisdən Modern.az-a verilən məlumatda isə bildirilir ki, sənəd may ayına qədər parlamentə təqdim olunacaq. Qarabağ əlilləri ilə bağlı aidiyyatı dövlət orqanları və müxtəlif təşkilatların rəyi də öyrəniləcək.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyir ki, burada təkcə Qarabağ əlilləri ilə bağlı yox, ümumi olaraq əlillərlə bağlı məsələ müzakirə mövzusudur. Lakin Qarabağ əlilləri ilə bağlı hansısa addım atılmalıdır. “Qarabağ əlillərinin statusu dəqiqləşməlidir. Kim əlində silahla döyüşüb, arxa cəbhədə olub, kim bir il, kimsə 3 ay döyüşüb, bunların hamısı təsnifatlanmalı və buna uyğun addımlar atılmalıdır”, – deyə Hadı Rəcəbli bildirib.
Qeyd edək ki, Qarabağ əlillərini özündə birləşdirən təşkilatlar bir müddət öncə imtiyazların artırılması təşəbbüsü ilə çıxış etmiş, əmək və əhalinin sosial müdafiəsi və səhiyyə nazirliklərində görüşlər keçirmişdilər.
Gültəkin ƏLƏSGƏR