“Müsavat Azərbaycanın ən böyük partiyasıdır. Partiya hansısa qüvvələrin maraq dairəsində ola bilər. Onu yazanların nəyi nəzərdə tutduqlarını deyə bilmərəm. Mən və gənclərin bəziləri namaz qılır, ola bilər, bunu nəzərdə tuturlar. Yəni konkret nəyi nəzərdə tutduqları bəlli deyil. Kimsə bizim haqqımızda nəsə düşünə bilər, dəqiq bilin, bizim bu işlə heç bir əlaqəmiz yoxdur”.
Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı “nurçu”ların partiyaya rəğbət bəsləməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məsələlərdə hakimiyyət maraqlıdır: “Əvvəlcə saytların elektron poçtlarına Ceyhun Osmanlının Fəthullah Gülənlə əlaqəsinin olması ilə bağlı məlumatlar göndərmişdilər. Sonradan dedilər ki, bu məlumatlar saxtadır. Daha sonra başqalarını hədəf seçdilər. İndi məsələni bizim üzərimizə yönləndirlər. Azərbaycanda “nurçu”luqla bağlı məlumatların yayılması gündəmi zəbt etməkdən başqa bir şey deyil. Bu məsələ Türkiyənin daxili işidir, qlobal problem deyil. “Sovetski” kimi böyük bir ərazini sökürlər, əhalini isə razı salmayıblar. Elə metro keçidlərindəki ticarət obyektlərinin yığışdırılması da sosial narazılıq yaradır. Yəni, Azərbaycanda narazılıq pik nöqtəyə çatıb. Bu “siyasi şou”nu da ortaya atıblar ki, o biri məsələlər yaddan çıxsın. Bu günə qədər Azərbaycanda dini zəmində hansısa qarşıdurmanın olmasını kimsə müşahidə etməyib. Bu məsələlər hakimiyyətin maraqlarına xidmət edir. Bu gün Azərbaycanda “nurçu”lar, “Fəthullah Gülən” problemi yoxdur”.Qeyd edək ki, bəzi mətbu orqanların elektron poçtlarına Azərbaycandan Fətullah Gülənə göndərilən məktubun surəti göndərilib. Məktubda Müsavat Partiyasının başqanı İsa Qəmbərin də adı keçib. Yazıda Azərbaycanda mümkün hakimiyyət dəyişikliyi barədə söhbətin aparıldığı iddia olunur: “Azərbaycandakı müxalifət partiyalarında olan dostlarımızın verdiyi məlumatlardan belə bir qənaət hasil olur ki, Azərbaycanda iqtidarın dəyişməsi qaçılmazdır. Xüsusilə “ərəb baharı” adlanan proses Azərbaycanın daxili siyasi durumunu ciddi şəkildə etkiləyib. Bunu sosial paylaşma şəbəkələrindəki hərəkətliliyin birdən-birə yüksəlməsindən də görmək olur. Özəllikə Facebook-dakı hərəkətlilik diqqəti cəlb edir. Facebook üzərindən təşkilatlanan müxaifət partiyalarının gənclik qolları davamlı olaraq çevriliş çağırışları edirlər. Daha öncə Sizdən gəlmiş direktivlərə uyğun olaraq Bakıdakı məsul arkadaşlarımıza Hizmət hərəkatına mənsub gənclərin saxta profillərlə sosial şəbəkələrdəki fəaliyyət qoşulmalarını təmin etmək barədə təlimat vermişik. Azərbaycandakı indiki iqtidar getdiyində Müsavat Partiyasını başqanı İsa Qəmbərin prezident olması ehtimalı xeyli yüksəkdir. Məzhəb fərqinə baxmayaraq İsa Qəmbər mötədil və Türkiyəyə yaxın bir şəxs kimi tanınır. Onun prezident olasının Hizmet Hərkatımızın inkişafına yeni bir təkan verəcyini düşünürəm. Hazırda bizim Azərbaycan müxalifətinə açıq dəstək verməmiz mümkün deyil”.
İlkin PİRƏLİ