Modern.az

Əli Həsənov BMT-nın ölkəmizdəki rəhbəri ilə görüşüb

Əli Həsənov BMT-nın ölkəmizdəki rəhbəri ilə görüşüb

Təhsil

12 Mart 2014, 18:27

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

“Dövlətqaçqınkom”un mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, BMT QAK-ın ölkəmizdəki rəhbəri Azərbaycanla uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirib. O bildirib ki,  BMT QAK-la ölkəmiz arasında mövcud olan səmərəli əməkdaşlıq bu gün də uğurla davam etdirilir və Azərbaycanın belə bir nüfuzlu qurumun İcraiyyə Komitəsinin üzvü olması da deyilənləri bir daha təsdiqləyir.

Azərbaycan hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində göstərdiyi fəaliyyət, bu baxımdan görülmüş işlər və qarşıda duran vəzifələr təhlil olunaraq bildirilib ki, hökumət Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həllində böyük layihələr həyata keçirmiş və bu sahəyə əhəmiyyətli dərəcədə vəsait xərcləyib ki, hökumətin bu addımı BMT QAK-ın və digər nüfuzlu beynəlxalq qurumların rəhbərləri tərəfindən də müsbət qiymətləndirilib.

Görüşdə həmçinin BMT QAK-ın  Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı,  Azərbaycan hökumətinin dəstəyi ilə 2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edərək qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərə oftalmoloji  xidmət göstərən Yaponiyanın “Fuci Optikal”  Ltd. şirkətinin doktor Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyətinin aprel ayında ölkəmizə səfəri, məcburi köçkünlərin problemlərinin öyrənilməsi, onların həlli yollarının axtarılması məqsədilə  BMT QAK-ın  ölkəmizdəki nümayəndəliyi tərəfindən Azərbaycan hökuməti və bir sıra beynəlxalq və milli QHT-lərlə əməkdaşlıq şəraitində 2013-cü ildə məcburi köçkünlər arasında keçirilmiş ”Yaş, gender və müxtəlifliyin təşviqi müştərək qiymətləndirilmə”nin nəticələri də müzakirə edilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə digər məsələlərlə yanaşı BMT QAK-ın  Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr,  nümayəndəliyin perspektiv planları, Azərbaycan hökumətinin  beynəlxalq  humanitar təşkilatlara dəstəyi, onların fəaliyyətinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən məqsədyönlü şəkildə istiqamətləndirilməsi və s. bu kimi məsələlər də müzakirə olunmuş, bu məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.

 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı