
Xaqani SƏFƏROĞLU
"Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri
Azərbaycanda internet jurnalistika getdikcə mövqelərini möhkəmlədir və ənənəvi oflayn medianı sıxışdırmaqdadır. Ölkədə rəsmi olaraq internet KİV dövlət tərəfindən tanınmasa da onun hüquqi statusunun necə olması barədə müzakirələr səngimir. Son zamanlar dini sektaların internet üzərində öz fəaliyyətini canlandırması, müxtəlif saytlar yaradaraq ənənəvi dini baxışlara zidd təbliğat aparmaları dövlətin diqqətini yeni media vasitələrinin tənzimlənməsi usullarına yönəldib. Milli Məclisin yaz sessiyasında deputatların bununla bağlı müvafiq qanunun qəbul edilməsinə çağırmaları hər şeydən əvvəl ekstermist və dini qarşıdurma salan qüvvələrin təxribatlarına yönəlsə də bütövlükdə internet medianın hüquqi tənzimlənməsi ilə bağlı sualları da açıq qoyur.
ABŞ-da saytlar və bloqlar KİV-lə eyni status daşıyır
Dünya praktikasında internet medianın statusu müxtəlif prizmalardan yanaşlır. 90-cı illərdən başlayaraq dünyanı sarmış virtual “hörümçək toru”nun tənzimlənməsi üçün cəhdlər edilir. Müxtəlif ölkələrdə “internet KİV” anlayışı müxtəlifdir. Bu qısa yazıda bir sıra qərb və MDB ölkələrində internet saytları tənzimləyən qanunlar barədə müəyyən bilgiləri oxuculara çatdırmaq istərdim.
Demokratik dünyanın lideri hesab olunan ABŞ-da saytlar və bloqlar KİV-lə eyni status daşıyır. Bu barədə müzakirələrə 2001-ci ildə ABŞ məhkəməsi son qoyub. O zaman Meksikanın Milli Bankı ABŞ-ın NarcoNyus saytını məhkəməyə vermişdi. Sayt Bankın bir neçə yüksək mənsəbli şəxsinin narkoticarətçilərlə əlaqələri barədə məlumat yaymışdı. Bank saytı Nyu-York məhkəməsinə verərək təkzib tələb edirdi. Bank eyni zamanda israr edirdi ki, sayt KİV hesab oluna bilməz. Məhkmə bütün mübahisələrə son qoyaraq qərara alır ki, internet –saytlar qəzetvə jurnallar kimi KİV hesab olunur. Bu saytlarda yazan jurnalistlər hətta müvafiq press-kartları olmasa belə jurnalist sayılırlar və ənənvi KİV-lərdə çalışan jrnalistlərin malik olduğu hüquqlar saytlarda çalışanlara da şamil olunur. 2007-ci ildə ABŞ Konqresinin aşağı palatası “Azad informasiya yayımı haqqında Akt”da düzəliş edərək blogerlərin müdafiəsi barədə düzəlişi akta daxil etdi. Bununla da qanun onlayn gündəliklər yazan bloqerləri də jurnalistlərlə eyni hüquqda tanıyar və onlardan ilkin mənbəinin açıqlanmasını tələb etməyi qadağan edir.
Avropanın “hörümçək qanunları”
Avropa ölkələrində də virtual məkanda azad sözə demokratik prinsipin əsas məqamı kimi baxırlar. 2003-cü ildə Avropa Şurası “İnternetdə təmas azadlığı haqqında Deklarasiya”nı qəbul edib. Bu sənəddə qeyd olunub ki, internetə heç bir halda məhdudiyyət tətbiq edilə bilməz. Buna baxmayaraq ayrı-ayrı Avropa ölkələrində yeni media vasitələrinin tənzimlənməsi ilə bağlı qanunlar müxtəlifdir.
Fransa senatının 2000-ci ilin martında qəbul etdiyi qanuna görə, internet provayderləri sayt müəlifləri barədə olan məlumatları istənilən üçüncü şəxsə verə bilərlər. Veb sayt sahibləri öz şəxsi məlumatlarını provayedrlərə təqdim etəməyə borcludurlar. Əks təqdirdə internet resurs fəaliyyətə başlaya bilməz. Əgər bu məlumatlar yarımçıq və yalandırsa o zaman həmin məlumatları təqdim edən sayt sahiblərini il yarım həbs cəzası gözləyir. İnternet provayderləri də qeydə alınmamış istifadəçiyə hostinq xidməti göstərsələr həmin məsuliyyəti daşıyırlar. Bundan başqa Fransa Ali audivizual Şurası KİV-də və internetdə irqçi və antisemit çağırışların olmamasını da mütəmadi izləyir.
Almaniyada 2007-ci ildən “İnternet resurslarının fəaliyyətinin tənzimlənməsi haqqında” qanun qüvvəyə minib. Bu qanuna görə hər hansı saytın redaksiyası onlara yazılmış kontentin (şərhin, statusun) qanunsuz olduğunu bildikdə dərhal onu saydan silməlidir. Bunun üçün redaksiyaya istənilən şəxs müraciət edə bilər. Bu qanun təkcə internet KİV-lər deyil, bloqlara, elan saytlarına, hətta axtarış saytlarına belə şamil olunur. Amma bununla yanaşı Almaniyada yazılmış şərhin, statusun əvvəlcədən yoxlanması söz azadlığının pozulması sayılır və senzura ilə eyni tutulur. Böyük Britaniyada 11 sentyabr 2001-ci ildən sonra yüksək texnologiyalar sahəsində cinayətkarlıqla mübarizə üzrə Milli şöbə yaradılıb. Bu şöbənin əsas işi internet resursların filtirasiyası ilə bağlıdır. Təşkilat telekommunikasiya xidmətləri ilə sıx əlaqədə çalışır. Milli Şöbəni idarə edənlər hesab edir ki, provayder şirkətlərinin müştəriləri barədə məlumat toplamaq pereventiv xarakter daşıyır.
MDB-nin “sənədli,subutlu” internet KİV-i
Postsovet məkanında onlayn media yeni bir müstəvi olduğu üçün onun hüquqi tənzimlənməsi qaydalarında bir qədər yayğınlıq var.
Qonşu Rusiyada 2011-ci ildə “KİV haqqında” qanunun 2-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən qanun internetdə şəbəkə nəşrləri KİV hesab edilir. “Şəbəkə” adı altında qanuna müvafiq olaraq KİV kimi rəsmi qeydiyyatdan keçmiş internet sayt nəzərdə tutulur. “KİV məhsulu” adı altında saytın yenilənmiş buraxlışları, KİV yayımı isə şəbəkəyə çıxış imkanı nəzərdə tutlur. Beləliklə, internetdə yayımı təşkil olunan sayt KİV olaraq tanınır. Rusiya qanunvericiliynə əsasən internet KİV-in qeydiyyatı könüllüdür. Amma KİV kimi qeydiyyatdan keçməyən sayt kütləvi informasiya vasitəsi hesab olunmur. İnternet KİV-in qeydiyyatı müvafiq orqan tərəfindən 30 gün müddətində həyata keçirlir.
Qazaxstanda da internet resurslar KİV-ə şamil olunur. Qanuna görə, internetdə yayımlanan informasiya KİV məhsulu hesab olunur. Bu isə o deməkdir ki, bu saytlara KİV-ə olunan tələbələr şamil edilir. Bura müəlif hüquqna hörmət, şərəf və ləyaqəti alçaldan məlumatlar yaymağa qadağa, hüquq pozuntusuna görə məsuliyyət daxildir. Eyni zamanda internet resursa qeydiyyata durmaq, lisenziya almaq tələb olunmur. Azərbaycan Mətbuat Şurası 2014-cü ili “internet mediası” ili elan edib. Öz nəzdində onlayn KİV-lərin monitorinqi ilə bağlı komissiya yaradıb. Düzdür, bu komissya daha çox internet KİV-lərdə etik normaların qorunması ilə bağlı problemləri araşdırmaq misisyası güdür. Amma Mətbuat Şurasının internet KİV-lərə diqqəti bu sahənin hüquqi statusunun açıq qalmasının bir nümunəsidr. İnternet KİV-lərin qeydiyyatı, bununla bağlı qanunvercilikdə olan boşluqlar, onun ənənvi KİV-lərələ eyni statusda olub-olmadığı, ölkənin internet media camesəində işləyən 100-lərə jurnalistin bu adla çağırılıb-çağrılmaması –bütün bunlar həllini gözləyən vacib məsələlərdir.
Bu baxımdan Azərbaycan Avropa ölkələrinin bu yöndə olan qanunvercilik bazasından bəhrlənə bilər.