“Azərbaycan hakimiyyətilə Türkiyə hakimiyyəti arasında münasibətlər yaxşı səviyyədədir. Bu münasibətlərin də davam etməsi gözlənilir. İki ölkə arasında əməkdaşlığın dayandırılmasını düşünmək olmaz. Çünki bunun üçün heç bir səbəb yoxdur. Düşünürəm ki, Azərbaycanda Ərdoğanın maraqlarına cavab verən hadisələr baş verdi. Təbii ki, bu da “nurçu”larla bağlıdır”.
Bunu Modern.az-a “Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev deyib.
Onun sözlərinə görə, Ərdoğan “nurçu”lara qarşı mübarizə aparır, siyasi, iqtisadi cəhətdən zərbə vurmağa çalışır: “Seçkidə qələbə qazanmasından sonra bu proseslərin daha da dərinləşəcəyi gözlənilir. Seçki günü Ərdoğanın çıxışından belə anlaşılır ki, o, “nurçu”lara qarşı səlib yürüşü elan edib. Azərbaycan da seçkidən öncə Ərdoğanın maraqlarına uyğun addım atdı, “nurçu”larla birgə adı hallanan Prezident Administrasiyasının şöbə müdir işdən çıxarıldı. Deyə bilmərəm, bu, nə dərəcədə “nurçu”larla bağlı məsələ idi, amma faktiki olaraq, onun adı “nurçu”larla birgə hallandırılırdı. Təbii ki, bu, onlara xidmət kimi başa düşülə bilər. Bundan sonra ölkədə buna uyğun addımlar atılarsa, yenə də Ərdoğanın maraqlarına cavab verən addım olacaq. Bu baxımdan deyə bilərəm ki, münasibətlərə xələl gələ bilməz”
R.Nurullayev qeyd edib ki, Ərdoğanın qələbəsi Fəthullah Gülənin uduzması demək deyil: “Düzdür, Ərdoğan qalib gəldi, o, güclü natiqlik qabiliyyətinə malikdir. 12 illik hakimiyyəti dövründə Türkiyənin qlobal güc olması üçün əlindən gələni edib. Yəni o, xidmət göstərməmiş adam deyil. Bu baxımdan Türkiyə xalqı ona yenə şans verdi. Amma Fəthullah Gülənin, Hizmət Hərəkatının sıradan çıxarılması mümkün deyil. Çünki onların sayı çoxdur, əllərində də kifayət qədər kapital var. Bu kapitallar təkcə Türkiyədə yerləşmir. Türkiyədən kənarda da Gülənin kifayət qədər güclü siyasi-iqtisadi dayaqları var. Bu qələbə Ərdoğana asan başa gəlmədi. Ərdoğanla bir neçə kompromat yayılıb, bu proses bundan sonra da davam edə bilər. Bu il cumhurbaşqanlığına, gələn il Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərə qədər vəziyyət dəyişər, AKP nüfuzdan düşə bilər. Bundan sonra AKP-nin nüfuzunun artması mümkün deyil, siyasətdə belə hallar çox az olur”.
İlkin PİRƏLİ