
Azərbaycanda 15 ilə yaxındır fəaliyyət göstərən bələdiyyələrin fəaliyyəti qənaətbəxş deyil. Bələdiyyə deyəndə, hər kəsin gözü önünə torpaq satan qurum gəlir. Əslində, bələdiyyələrin səlahiyyəti daha genişdir. Məsələn, qardaş Türkiyədə bələdiyyələrin fəaliyyəti Azərbaycanla müqayisədə tamam fərqlidir. Martın 30-da Türkiyədə keçirilən seçkilər bir daha bələdiyyələrin nə qədər əhəmiyyətli qurum olduğunu göstərdi. Milli Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü Fəzail İbrahimli də Modern.az-a Türkiyədəki bələdiyyələrin siyasi həyatda çox önəmli yer tutduğunu deyib:
“Bir faktı deyim, Türkiyədə bələdiyyələr şəhərin idarəçiliyini öz üzərinə götürür. Məsələn, İstanbul bələdiyyəsi İstanbulla bağlı olan bütün problemləri həll edir. Gördüyünüz kimi, Türkiyədə bələdiyyələrin mövcudluğunun siyasi təsiri çox güclüdür. Bələdiyyə seçkilərində uğur və ya uğursuzluq gələcək hakimiyyətin taleyini həll edə bilir”.
Azərbaycanda bələdiyyələrin fəaliyyətinə gəlincə, komitə üzvü deyib ki, kifayət qədər siyasi həyata daxil olsalar da, səlahiyyətlərində problemlərin olduğu danılmazdır: “Azərbaycanda ikili idarəçilik var. Həm icra hakimiyyəti, həm də bələdiyyələr mövcuddur. Bunlar paralel qurum kimi fəaliyyət göstərir. Düzdür, biri hakimiyyət deyil. Reallıq ondan ibarətdir ki, birinin fəaliyyəti o birinə mane olur. Bələdiyyələrə həddindən artıq səlahiyyət verərsənsə, icra hakimiyyətinin səlahiyyəti zəifləyə bilər. Bu zaman bələdiyyələr kifayət qədər özbaşınalıq edə bilər. Bələdiyyələrə səlahiyyət verilməsə, zəif qurum kimi görünür. Bu məsələlərin özü də problemlidir. 1923-cü ildən qurulan Türkiyə dövlətində bələdiyyələr öz sözünü deyə bilir. Azərbaycan dövləti isə yeni qurulur. Zaman keçdikcə bu problemlər də qaydasına qoyulacaq. Geniş səlahiyyətlərə malik Bakı şəhər bələdiyyəsi olacaq. Yaxud, dünyadakı iş üslubundan istifadə olunacaq. Ona görə də bu gün Azərbaycan bələdiyyəsini Türkiyə bələdiyyəsi ilə müqayisə etmək olmaz. Çünki Azərbaycan bələdiyyəsi kifayət qədər az təcrübəsi olan bir qurumdur”.
Fəzail İbrahimli Azərbaycanda bələdiyyələrin yanlış təsəvvür formalaşdırdığını da düşünür: “Bir vaxtlar SSRİ-də belə bir ənənə vardı. Kapitalizmi keçmədən feodalizmdən sosializmə keçmək istəyirdilər. İndi biz də təxminən belə təsir bağışlayırıq. Ən azından, hər şeyin zamanı yetişməlidir. Biz bəzən Azərbaycanda vaxt aparan məsələlərin sürətlə irəliləməsini istəyirik. Təbii, hər kəs istəyir ki, bələdiyyələr Azərbaycanda oturuşsun, onların fəaliyyəıti genişlənsin. Azərbaycanda bələdiyyələr yaranandan komitənin üzvüyəm. İlk qanundan sonuncu qanunlara qədər proseslərdə iştirak etmişəm. Bələdiyyələrə dövlət tərəfindən vəsait ayrıldı. İlkin mərhələdə bələdiyyələr təcrübəsiz idi. Söhbət 10 il bundan qabaqdan gedir. Bələdiyyələr çox qısa müddətdə büdcədən ayrılan vəsaiti elə silib-süpürdülər ki, heç izi də qalmadı. Hesab edirdilər ki, hakimiyyət də onların əlimizdədir. Onlar elə başa düşdülər ki, bələdiyyələrin fəaliyyəti torpaq satmaqdan ibarətdir. Bir də ayılıb gördük ki, bələdiyyələr biri o birisinin torpağını satır, sərhədləri aşır. Bundan sonra məlum oldu ki, bu proses müəyyən qədər dayanmalıdır, bunlar təcrübə toplamalıdırlar. Ona görə də güman edirəm ki, bələdiyyələr yavaş-yavaş Azərbaycan həyatına daxil olacaq və nüfuzu da artacaq”.
Namidə BİNGÖL