Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi «Həyat işığında» layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan jurnalistikasının inkişafanda xidmətləri olmuş, ömrünü-gününü peşəsinə sərf etmiş qayğıya ehtiyaclı qələm sahiblərinə baş çəkmək, onlarla maraqlanmaq nəzərdə tutulur. Layihənin məqsədlərinə eyni zamanda jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yaradıcılıq gecələrinin, dünyasını dəyişmiş qələm sahibləri ilə bağlı anım mərasimlərinin təşkili də daxildir.
Bu gün MŞ sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, həmçinin Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri qocaman jurnalist Kazım Ələkbərova baş çəkiblər. Qeyd edək ki, hazırda ömrünün 88-ci ilini yaşayan Kazım Hacıhüseyn oğlu Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da, «Xalq qəzeti»ndə, «Bakı»-«Baku» qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələr tutub. Neçə-neçə jurnalist nəslinin yetişməsində xidmətləri olub. K.Ələkbərov idarəçilik sistemində də çalışıb. Dövlət idarələrində ana dilinin tətbiqi işinə də yaxından kömək göstərib.
