
Türkiyənin Anadolu İnformasiya Agentliyinin (AA) 94 yaşı tamam olub. Anadolu Agentliyin Asiya-Qafqaz bölgə Müdirliyi nümayəndəsi Tolqa Özgenç Modern.az-a açıqlamamasında AA-nın bundan sonrakı fəaliyyət istiqamətlərindən söhbət açıb:
“Anadolu Agentliyinin 94-cü doğum gününün qeyd olunması çərçivəsində toplantılar keçiriləcək. Toplantıda agentliyin bu günə qədər gördüyü və bundan sonra görəcəyi işlər, layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. 2020-ci il üçün hədəfimiz var: 2020-ci ildə AA-nın 100 yaşı olacaq. Agentlik artıq 100 illik bir çinar olacaq və biz 2020-ci ildə Anadolu Agentliyinin dünyanın ən böyük 5 agentliyindən biri olmağını hədəfə alırıq. Bu hədəfə çatmaq üçün bütün gücümüzlə işləyirik. İki illik fəaliyyətimiz də bunun 2020-ci ildən əvvəl gerçəkləşəcəyini göstərir”.
T. Özgençin sözlərinə görə, dünəndən etibarən AA həm də fransızca xəbərlər yayır: “81 ölkədə nümayəndəliyimiz, 65 ölkədə büromuz var. İndi agentlikdə 60 fərqli millətdən insan çalışır. Dünəndən etibarən biz 7-ci yayım dili – fransızca yayıma başladıq, mərkəzi də Tunus. Tunusda ofisimiz açıldı, ordakı dostlarımız, xüsusilə Orta Şərqdə yaşananları fransızca 40 ölkədəki abunəmizə çatdırırlar.
Hər zaman deyirəm. Azərbaycan bizim üçün istər siyasət, mədəniyyət, iqtisadiyyat, istərsə mətbuat sektoru baxımından əlaqələr məsələsində ən önəmli ölkələrin başında gəlir. Çünki biz özümüzü Azərbaycandakı həmkarlarımızla eyni millətin bir parçası olaraq düşünürük. Toplantıda da Azərbaycana qoyulacaq yeni sərmayələr, Azərbaycan mətbuat quruluşları arasında əlaqələrin güclənməsi üçün nə kimi tədbirlər görüləcəyinə qərar veriləcək”.
Misranə Həsənzadə