“Son günlər sosial şəbəkədə, bəzi saytlarda cəsur döyüşçü İbad Hüseynov barədə qarayaxmalar baş alıb gedir. Belə qarayaxmaları hər bir gerçək döyüşçü özünə qarşı olan münasibət kimi dəyərləndirir. Çünki İbad Hüseynov kimi oğulları daim başımızın üstündə saxlamalıyıq”. Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin müraciətində belə deyilir.
Birliyin sədri Füzuli Rzaquliyev Modern.az saytına bildirib ki, son vaxtlar Azərbaycanın cəsur oğlu, igid döyüşçüsü hamının yaxşı tanıdığı İbad Hüseynovla bağlı mediada xoşagəlməz məlumatlar yer alır:
“Biz daim buna qarşıyıq. İbad Hüseynov bizim döyüş yoldaşımızdır və onun döyüş yolu bütün Azərbaycan xalqına məlumdur. İbad Hüseynov qəhrəmanlığı ilə müasir Azərbaycan gəncliyinə nümunə olacaq bir şəxsdir və ona görə də ona olan qarayaxmalar qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, bu addımı atanlar əslində döyüşçülər arasında nifaq salmaq istəyirlər. Gerçək döyüşçülər heç vaxt buna yol verməzlər. Ona görə də mən burada hansısa qüvvələrin əli olduğunu istisna etmirəm. Azərbaycanda 74 mindən çox keçmiş döyüçü var ki, onların 64 minə qədəri Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinində birləşiblər. Mən onların adından danışıram. Keçmiş döyüşçülər arasında nifaq salmaq vətənə xəyanət qədər bağışlanmazdır”.
Füzuli Rzaquliyev bildirib ki, bir müddət öncə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi döyüşçülərin cəbhə bölgələrində hərbi xidmət keçən əsgərlərlə xidmət etmək istəmələri barədə müraciət ediblər və bu, müsbət qarşılanıb. Məni qayğılandıran başqa bir məsələ var. Aranı qatmaq istəyən, İbad Hüsüynova qarşı olan, adlarını döyüşçü qoyan dostlarımız niyə bu çağırışımıza səs vermədilər? Niyə bu məsələ ilə bağlı səslərini çıxarmadılar? Onların bu hərəkəti yalnız təəssüf doğurur”.
Modern.az saytına açıqlamasında F.Rzaquliyev başqa bir məsləyə də aydınlıq gətirib. O qeyd edib ki, bir müddət öncə mediada İbad Hüseynovun guya Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinə müraciət etdiyi haqda yazılar gedib. O yazılarda İ.Hüseynovun Milli Qəhrəman adı almaq üçün veteranların ölkə prezidentinə müraciət etmələrini istədiyi vurğulanıb: “Bu tamamilə yalandır. Nə İbad Hüseynov bizə müraciət edib, nə də biz Ali Baş Komandana müraciət etmişik. Bizim adımızdan yayılan bu xəbər doğru deyil. İbad Hüseynov əsl döyüşçüdür. Əsl döyüşçü isə heç vaxt onun xidmətinə qiymət verilməsini istəməz. Ona kənardan qiymət verirlər. Bəli, bu gün İbad Hüseynovu Azərbaycanın ən igid döyüşçüləri sırasındadır. Bunu özü qzanıb. Bəyan edirəm ki, bu cür cəfəng məlumat yaymaqla bizi və İbad Hüseynovu gözdən salmaq istəyirlər. Ancaq onu deyim ki, bu heç vaxt baş tutmayacaq. İbad Hüseynov cəsur döyüşçüdür. Mən qara yaxan qüvvələrə müraciət etmək istəyirəm. Bununla nə etmək istəyirsiniz? Bəlkə İbad Hüseynov döyüşməyib? Döyüşçülərə qara yaxmaqla özünüzü qınaq obyektinə çevirəcəksiniz. Özünüz ifşa edədəcəksiniz. Döyüşçülər arasında nifaq salmağın bir adı var, “xəyanət””.
Ulduz İBRAHİMOVA