Xəbər verdiyimiz kimi tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (CONİFA) iyun ayında İsveçdə separatçı rejimlərin futbol üzrə çempionatını keçirəcək. Məsələ ilə bağlı AFFA FİFA-ya və İsveç Futbol Federasiyasına etiraz məktubu yollasa da, turnirin keçiriləcəyinin qəti olduğu cavabı verilib.
Qeyd edək ki, sözügedən qondarma CONİFA təşkilatı iyunun 1-dən 8-dək keçirilməsi nəzərdə tutulan yarışın reallaşması üçün separatçı qurumlarla danışıqlara başlayıb. Artıq qurumun rəhbərliyi separatçıların Azərbaycanın işğal altında olan torpaqlarında yaratdığı qondarma “Dağlıq Qarabağ Respublikası”nın “hökumət rəsmiləri” ilə görüşüb. Ermənistan mətbuatının yazdığına görə, təşkilatın birinci katibi Saşey Dyurkopun başçılıq etdiyi nümayəndə heyəti ötən gün separatçı rejimin “prezidenti” Bako Saakyanla görüşüb. Görüşdə iki tərəf arasında futbol üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Erməni mediası onu da qeyd edir ki, qondarma qurumun “xarici işlər naziri” Karen Mirzoyan da CONİFA üzvləri ilə görüş keçirib. Görüş zamanı “DQR”in İsveçdə keçiriləcək turnirdə iştirakının vacibliyi barədə söz açılıb.
Azərbaycanın zəbt edilmiş ərazilərində idman sahəsi ilə bağlı belə görüşlərin keçirilməsi təbii ki, qanunsuzdur.
Qeyd edək ki, FİFA üzvü olmayan “dövlətlər” arasında keçiriləcək futbol çempionatının iştirakçıları da bəllidir. Turnirdə Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın futbol üzrə qondarma milli komandası da olacaq. Yarışa Abxaziya, Darfura (Sudan), Elan Vanina (Böyük Britaniya), Sapmi (Skandinaviya), Padanii (İtaliya), Kvebek (Kanada), Kürdüstan, Zanzibara (Tanzaniya), Oksitaniya (Fransa) yığmaları da dəvət olunub.
Aqşin Kərimov