“9 milyondan artıq olan əhali üçün gün ərzində 150 min donor qan verilməlidir. Ancaq Azərbaycanda bu rəqəm 2013-cü il üçün 66 minə yaxın olub. Buna görə də qan ehtiyatı tam təmin olunmur. Qana olan ehtiyacımız çoxdur”. Modern.az xəbər verir ki, bunu “Azərfon” MMC “Nar mobile” ticarət markasının “Nar Donor” sosial layihəsi tədbirində Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva deyib.
“Son illərdə Azərbaycanda donorluqla bağlı bir çox irəliləyişlər qeyd olunub. Əgər əvvəllər insanların çoxu qan verməkdən qorxurdusa, indi bu qorxu intensiv maariflənmə nəticəsində aradan qalxıb. İnsanlar əvvəllər yalnız öz xəstələri üçün qan vermək üçün məcburiyyət qarşısında qan verərdilər. Son zamanlar bu vərdiş halına keçib və təmənnasız qan verənlərin sayı artıb. Bunun əsas səbəbi Səhiyyə Nazirliyində son illərdə aparılan islahatlardır. 2008-ci ildə ölkə üzrə 38127 nəfər donorluq edib. 2013-cü ildə bu rəqəm 71,7% artaraq 65461 nəfər təşkil edib. Həmçinin qanın tədarükü son 5 ildə 16 tondan 32 tona qədər artıb”.