Aprelin 7-də cəbhənin Füzuli istiqamətində mina partlayışından həlak olan əsgər Kərimov Seyfəddin Nəvai oğlu Gəncənin Şəhidlər Xiyabanında dəfn ediləcək.
Əsgər qohumu Yolçu Həsənov aprelin 8-də “Media forum” saytına bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə nümayəndələri mərhumun Şəhidlər Xiyabanında dəfn olunmasını məsləhət görüb: “Biz də razılıq verdik”.
20 yaşlı Seyfəddin əsgərliyə ötən ilin oktyabr ayında gedib. Yunan-Roma güləşi üzrə üçqat Azərbaycan çempionudur. Yolçu Həsənovun sözlərinə görə, ailədə iki qardaş olublar: “Balaca qardaşı məktəblidir. Ailə əslən ermənistanlıdır. 1988-ci ildən Gəncədə məskunlaşıb. Mərhumun atasının ürəyi xəstədir, işləmir, anası təsərrüfatla məşğul olub ailəni dolandırır.
Seyfəddin 1 ay bundan qabaq əmisi oğlunun toyuna gəlmişdi. Axırıncı dəfə dünən anası ilə telefon əlaqəsi saxlayıb. Xeyli danışıblar. Hətta anası ilə zarafat da edib. Hərbi hissədə hər hansı bir probleminin olduğunu deməyib. Həmişə razılıq edib”.
Modern.az