
Twitter sosial şəbəkəsinin vitse-prezidenti Dağlıq Qarabağa səfər edəcək Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünyada ən geniş istifadə olunan Twitter sosial şəbəkəsinin vitse-prezidenti, Yerevandakı “Tumo” kreativ texnologiyalar məktəbinin idarə şurasının üzvü, əslən erməni olan Raffi Qriqoryan Ermənistana növbəti səfəri zamanı Dağlıq Qarabağa səfər edəcək. Xəbəri separatçı “Dağlıq Qarabağ respublika”sı baş nazirinin mətbuat katibi Artak Beqlaryan da təsdiqləyib.
“Əla xəbər: Twitter-in vitse-prezidenti Raffi Qriqoryan baş nazir Ara Arutunyanın dəvətini qəbul edərək “Tumo” məktəbinə növbəti səfəri çərçivəsində Dağlıq Qarabağı ziyarət etməyə razılıq verib”.
Xatırladaq ki, əslən Livan ermənisi olan Raffi Qriqoryan Ermənistanda olduğu müddətdə Ermənistan prezidenti Serj Sərkisyanla onun iqamətgahında təkbətək görüş keçirib.
Qeyd edək ki, dünyada 500 milyon istifadəçinin qeydiyyatdan keçdiyi Twitter-də Raffi Qriqoryan proqram təminatı, məlumat bazası və server klasterlərinə cavabdeh olan mühəndislər qrupunun rəhbəridir.
Vüqar İsmayılov