Aprelin 24-ü Fransanın Monpelye şəhərində start götürən Cüdo üzrə Avropa çempionatı bu gün başa çatdı. Yarışa 10 idmançı ilə yollanan Azərbaycan yığma komandası 1 gümüş və 1 bürünc medalla yadda qaldı. İlqar Müşkiyevin yarışın ilk günündə qazandığı bürünc medala Elmar Qasımov gümüş əlavə etdi. Komanda hesabında Sloveniya ilə birlikdə 9-cu olmağı bacaran avstriyalı mütəxəssis Peter Zeyzenbaxerin rəhbərlik etdiyi Azərbaycan yığma komandası üçün bu nəticəni kafi adlandırmaq daha məqbul olar. Ümumulikdə isə qeyd edək ki, ilk üç yerdə 6 qızıl, 4 gümüş, 3 bürünc medalla ev sahibi Fransa, 2 qızıl, 2 gümüş medalla London yay olimpiya oyunlarında Zeyzenbaxerin rəhbərlik etdiyi Gürcüstan və 2 qızıl, 1 gümüş, 1 bürünc medalla ilk qeyri asiyalı Olimpiya çempionu Anton Hesinkin həmvətənləri-Hollandiya yığma komandası qərarlaşdı.
İdmançılarımızın çıxışına ayrılıqda nəzər salaq
Yarışların ilk günündə mübarizəyə çəkisi 60 və 66 kiloqram olan kişi və çəkisi 57 kiloqram olan qadın cüdoçularımız qoşuldu. Onlardan ən yaxşı nəticəni isə İlqar Müşkiyev göstərdi. İlqar Müşkiyev yarışlara 1/16 final mərhələsindən başladı. Türkiyəli Ahmet Kaba ilə görüşən İlqar, rəqibini mübarizədən kənarlaşdırmağı bacardı. O, 1/8 finalda çexiyalı David Pulkrabeklə gücünü sınadı. İlqar bu dəfə daha asan qələbə qazandı. Cüdoçumuz 88 saniyəyə Pulkrabeki ippona salaraq, növbəti mərhələyə yüksəldi. Müşkiyev yarımfinala gedən yolda Rusiyanı təmsil edən erməni əsilli Arsen Qalstyanla qarşılaşdı. London Olimpiya oyunlarının qalibi ilə mübarizə sonrası sevinən tərəf Azərbaycan cüdoçusu oldu.(Xatırladım ki, İlqar 3 il əvvəl Fransanın başqa bir şəhərində paytaxt Parisdə keçirilən dünya çempionatında da Qalstyanı məğlub etməyi bacarmışdı). Yarımfinalda isə rəqib gürcü Amiran Papinaşvili oldu. Bu görüşdə məğlub olan İlqar ümidini bürünc medala bağlamalı oldu. Burada Böyük Britaniya cüdoçusu Eşli Makkenzini ipponla məğlub edən cüdoçumuz öz kolleksiyasında, 3 il əvvəl Fransada qazandığı Dünya çempionatının bürünc medalına qitə çempionatının eyni əyyarlı medalını əlavə etdi.
Müşkiyevlə birlikdə 60 kq-da mübarizə aparan Orxan Səfərov da yarışa ilk mərhələdən qoşuldu. Keçən il keçirilən Dünya çempionatın bürünc mükafatçısı ilk görüşdə Belarusu təmsil edən erməni əsilli Vae Tutxalyanla üz-üzə gəldi. Səfərov rəqibinə ipponla qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandı. O, növbəti mərhələdə İsrail nümayəndəsi Artyom Arşanski ilə qarşılaşdı. Görüş Orxan üçün uğurlu alındı. 61 saniyəyə rəqibini ipponla məğlub edən gənc cüdoçumuz 1/4 finala adladı. Səfərov 1/4 finalda böyük britaniyalı Eşli Makkenzi ilə münasibətinə aydınlıq gətirdi. Həmyerlimiz yenə də qarşılaşmanı vaxtından əvvəl başa vuraraq, ən yarımfinalda rusiyalı gələcək Avropa çempionu Beslan Mudranovla bacara bilmədi. Bürünc uğrunda görüşdə London olimpiadasının dübütündəcə İlqar Müşkiyevi məğlub etməklə bizləri pərişan edən erməni Davtyana uduzan Orxan Səfərov yarışları əliboş başa vurdu.

Əsas medal ümidlərimizdən olan 66 kq çəkili Nicat Şıxəlizadə mübarizəyə 1/8 finaldan başladı Belarus cüdoçusu Vadzim Şoka ilə görüşən həmyerlimiz rəqibini ipponla məğlub etdi. Şıxəlizadə ikinci görüşündə Markos Uriarte ilə qüvvəsini sınadı. Təəssüf ki, təmsilçimiz bu dəfə uğurunu davam etdirə bilməyərək ipponla uduzdu. Bununla da ümidini bürüncə bağlamalı oldu. İlk təsəlliverici görüşdə gürcü əsilli Ukrayna cüdoçusu Georgi Zantarayaya uduzan Nicat, turniri yeddinci pillədə tamamladı.
Karyerasının qürub çağını yaşayan 57 kq çəkili qadın cüdoçumuz, Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Kifayət Qasımova elə ilk görüşündəcə bolqarıstanlı İvelina İliyevaya uduzaraq mübarizəni erkən dayandırmalı oldu.
Turnirin ikinci günü mübarizəyə iki idmançımız qoşuldu. Rüstəm Orucov 1/16 final mərhələsində moldovalı İqor Soroka ilə görüşdü. Rəqibini tatamiyə çıxmağa peşman edən 23 yaşlı cüdoçumuz, cəmi 16 saniyəyə təmiz qələbə qazandı. Cüdoçumuz ikinci görüşündə ukraynalı Sergey Drebotla üz-üzə gəldi. Orucov bu rəqibini də mübarizədən kənarlaşdırmaqla 1/4 finala vəsiqə qazandı. Həmyerlimiz yarımfinala gedən yolda hollandiyalı Deks Elmontla qüvvəsini sınadı və bu dəfə özü ippona düşdü. Məğlubiyyətə baxmayaraq, Orucov təsəlliverici görüşlərə qatılmaq şansı əldə etdi ki, öncə italiyalı Enriko Parlati ilə qarşılaşan Rüstəm rəqibinə qalib gəlməyi bacardı. Təəssüf ki, vunderkind bürünc uğrunda görüşdə sloveniyalı Rok Draksiçə uduzaraq, beşinci yerlə kifayətlənməli oldu.
Orucov kimi gənc Mehdiyev də Monpelyedə 1/16 finada debüt etdi. Həmyerlimiz yunanıstanlı Aleksios Ntanatsidisə ipponla qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandı. Mehdiyev 1/8 finalda macarıstanlı Şabolj Krijanla görüşdə məğlub olaraq, qatıldığı ilk mötəbər turniri əliboş başa vurmalı oldu.
Turnirin üçüncü günü isə mübarizəyə çəkisi 90, 100 və superağır çəkili cüdoçularımız qoşuldu ki yığmamız 90 kq-da Şahin Qəhrəmanov, 100 kq-da Elxan Məmmədov və Elmar Qasımov, superağır çəkidə isə Vaxtangi Bitiyev ilə təmsil olunurdu. Dünya çempionu, "World Master" turnirinin qalibi, ikiqat Avropa mükafatçısı Elxan Məmmədovun medalsız qalması fonunda Elmar Qasımov iki illik susqunluq seriyasını pozdu. Sonuncu dəfə 2012-ci ildə Avropa çempioanatında nəticə göstərən, Ermənistanda keçirilən gənclərin Avropa çempionatının qalibi bu dəfə medal kolleksiyasına gümüş əlavə etdi. Finala gədən yolda latviyali, alman və rus həmkarlarını sıradan çıxaran cüdoçumuz, həlledici görüşdə uğurlu seriyanın davamını gətirə bilmədi. Finalda Çexiya təmsilçisi Lukaş Krpaleke məğlub olan Elmar, Avropa cempionatınI ikinci pillədə tamamladı.
2008-ci il Pekin zəfərindən sonra sabit çıxış sərgiləməyən cüdoçularımızın əsas problemi qeyri-stabillik bu dəfə də özünü göstərdi. Keçən il Braziliyada keçirilən Dünya çempionatında özünü yaxşı tərəfdən göstərməklə yeddinci pilləni tutan yığmamız üçün Avropa doqquzunculuğu heç də yaxşı nəticə sayılmamalıdır.