Gürcüstanın Kvemo Kartli bölgəsində - Marneulidə azyaşlı qızı nikaha məcbur etməkdə ittiham olunan qadın saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqın müəyyən etdiyinə görə, nənə azyaşlı nəvəsini öz iradəsinə zidd olaraq kənd sakinlərindən biri ilə evlənməyə məcbur edib. Saxlanılan qadını nikaha məcburetmə ittihamı ilə 4 ilədək həbs cəzası gözləyir.
Qadının ad-soyadı açıqlanmayıb. Gürcüstanın bəzi KİV-ləri isə onun azərbaycanlı olduğunu ehtimal edir.
Gürcüstanın Cinayət Məcəlləsinə nikaha məcburetmə ilə bağlı maddə 2014-cü ildə, ailədaxili zorakılıq anlayışı ilə birlikdə daxil edilib. Bununla belə, Gürcüstanın Xalq Müdafiəçisinin hesabatına əsasən, azyaşlılar arasında erkən nikahlar və nişanlanmalar ölkədə hələ də ciddi problem olaraq qalır.
Prokurorluğun məlumatına görə, 2025-ci ildə azyaşlıların nikahı ilə əlaqəli cinayət işləri üzrə 63 azyaşlı zərərçəkmiş kimi tanınıb, 69 nəfər barəsində isə cinayət təqibinə başlanılıb.
Gürcüstanda erkən nikah problemi 14 yaşlı məktəbli Aytac Şahmarovanın qətlə yetirilməsindən sonra xüsusilə gündəmə gəlib. O, özündən 14 yaş böyük, 28 yaşlı oğlanla ilə məcburi nikahda olub. Asim Sadıqov Aytacı qaçırıb, bir neçə ay sonra isə qızın qaçmağa cəhd göstərməsi zamanı onu öldürüb.
Aytacın qətli Gürcüstan cəmiyyətində böyük rezonans doğurub. Cinayətkar ömürlük həbs cəzasına məhkum edilib. Qızını zorla ərə verən anası da cinayət məsuliyyətinə cəlb olunub