“Əla müəllim üstəgəl süni intellektdən istifadə edən müəllim bir az da əla müəllimdir”
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı deyib.
Nazir bildirib ki, süni intellekt müəllim fəaliyyətinin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin və tədris prosesinin daha effektiv qiymətləndirilməsi üçün yeni imkanlar yaradır.
“Əla müəllim üstəgəl süni intellektdən istifadə edən müəllim bir az da əla müəllimdir. Yəni istənilən halda çox şeyi dəyişə bilərik.
Əsas məsələlərdən biri qiymətləndirmədir. Süni intellekt vasitəsilə imtahan mətnlərinin hazırlanması, şifahi cavabların qiymətləndirilməsi və müxtəlif göstəricilərin təhlili daha asan həyata keçirilə bilər.
Digər vacib məsələ sürətdir. Texnoloji imkanlar öyrənmə nəticələrinin daha sürətli ölçülməsinə, müəllim fəaliyyətinin ayrı-ayrı komponentlərinin qiymətləndirilməsinə və onların vahid strukturda təhlilinə imkan verir.
Düşünürəm ki, süni intellekt müəllim fəaliyyəti ilə şagird nailiyyəti arasındakı əlaqəni daha yaxşı anlamaq üçün mühüm imkanlar yarada bilər. Bizim datamız var, amma hələlik onu tam şəkildə əlaqələndirə bilmirik. Süni intellekt tətbiqləri bu məlumatlardan istifadə etməklə daha sürətli qərarlar qəbul etməyə kömək edə bilər.
Amma bunun üçün, təbii ki, süni intellektdən istifadə etməyi öyrənmək lazımdır. Bu da özlüyündə yeni bacarıqlar tələb edir. Süni intellektdən istifadəni inkar etməklə irəliyə gedə bilməyəcəyik”.