“Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir”
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı deyib.
Nazir bildirib ki, artıq yeddinci dəfə keçirilən forum təhsil sahəsində açıq və işgüzar müzakirələr üçün mühüm platformaya çevrilib.
Emin Əmrullayev qeyd edib ki, təhsildən danışarkən ilk növbədə onun əlçatanlığı, keyfiyyəti və hər bir vətəndaş üçün bərabər imkanların yaradılması nəzərə alınmalıdır:
“Elm və Təhsil Nazirliyi olaraq çalışırıq ki, bu üç istiqamət – təhsilin əlçatan və keyfiyyətli olması, hər bir vətəndaş üçün bərabər imkanların yaradılması təmin edilsin.
Bu imkanların həm bölgələrdə, həm paytaxtda, müxtəlif səviyyədə və səriştədə olan, fərqli qrupları təmsil edən vətəndaşlarımız üçün bərabər şəkildə yaradılmasına çalışırıq”.
Nazir əlavə edib ki, forum çərçivəsində müzakirələrin açıq şəkildə aparılması, müxtəlif fikirlərin, o cümlədən tənqidi yanaşmaların səsləndirilməsi vacibdir.