“Bu gün 28 aprel istilasının, yəni Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 94 il keçir. 28 aprel istilasını Əsas Qanunda əks etdirmişik. Yəni Konstitusiyada da yazılıb ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir. Bu baxımdan istila faktı öz rəsmi təsdiqini tapıb”.
Bunu Modern.az-a tarixçi Nəsiman Yaqublu deyib. “Amma 28 aprel istilasının insanların düşüncəsinə vurduğu zərərlər hələ tam şəkildə silinməyib. Alimlər də bu qənaətdədir ki, postsovet ölkələrində insanların şüurunda lazımı təmizlənmə aparılmasa, sovet düşüncəsi onlarda ta 2045-ci ilə qədər qalacaq. Bu onu göstərir ki, hələ də cəmiyyətimiz sovet quruluşunun vurduğu mənəvi sarsıntılardan hələ də yaxa qurtara bilməyib. Baltikyanı ölkələri, qismən də Gürcüstanı çıxmaq şərti ilə bir çox ölkələrdə bu düşüncə hələ də qalmaqdadır”.
N. Yaqublunun sözlərinə görə, hazırda bütün dünyanın gözü qarşısında Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsi də məhz köhnə sovet düşüncəsinin məhsuludur. “28 apreli törədənlər Rusiya maraqlarına xidmət edənlər idi. Mən 28 aprel faciəsinin Azərbaycanda yenidən təkrar olacağına inanmıram. Çünki bunu edəcək yeganə qüvvə Rusiyadır ki, o da bu gün son siyasi hadisələrə görə bütün dünyanın qınaq obyektidir. Amma çox təəssüf ki, bəzi tarixçilər, ədəbiyyatçılar sovet rejimini o qədər tərifləyirlər ki, adam mat qalır”.
Elmin Nuri