Modern.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirlik xaric ölkələrə səfər edənlərin sayının artması ilə əlaqədar vətəndaşlara müraciət edib. “Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır. Bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və “Turizm haqqında” Qanunun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”, – deyə nazirlik vətəndaşları xəbərdar edir.
Müraciətdə o da qeyd olunub ki, turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə bağlı problem yaranarsa nazirliyə müraciət oluna bilər: “Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərsiniz”.