“Mən hörmətli vəkil Adəm Məmmədova uğurlar arzu edirəm. Onun əsəbi olmasını da tam normal qəbul edirəm. Çünki Adəm Məmmədov uzun illər Hərbi Dəniz Qüvvələrinin komandanı olmuş Şahin Sultanovun bir çox işlərində yüksək qonorar alıb. O indi qonorarsız qaldığı üçün çox narahatdır. Çörək mənbəyi olan şəxs ola bilər ki, uzun müddətlik məhkum olunsun”. Bunu Modern.az-a hərbi ekspert Üzeyir Cəfərov haqqında deyilənlərə münasibət bildirərkən deyib:
Ü.Cəfərov A.Məmmədovun yuxu gördüyü iddiasındadır: “Harada yatıb yuxu gördülər ki, mən onu ittiham etmişəm və üstəlik də cinayəti bilib xəbər vermədiyimə görə də 3 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilərəm. Buyursunlar, hara istəyirlər şikayət etsinlər. Bu, onların hüququdur. Bircə məsləhətim var, Adəm Məmmədov özünü biabır etməsin! Əvvəl oturub Şahin Sultanovla birgə mətbuatı yenidən araşdırsın ki, mən harada elə bir söz demişəm. İşlətmədiyim ifadəyə görə mənə şər atırlar. Mən o qədər qeyri-ciddi adamam ki, dediyim sözün məsuliyyətini dərk etməyim?! Savadsızlığa baxın, mən bunu indiki zamanda yazıram, hansı ki, artıq Şahin Sultanov həbsdədir. İndiki halda o necə məlumatları ötürə bilər?! Orada ötürürlər demişəm, ikincisi də ad çəkməmişəm. Axı niyə bu qədər xofludurlar? Mən demişəm ki, Müdafiə Nazirliyi faktı təkzib etsə, konkret adları ictimaiyyətə açıqlayacağam. Gözləsinlər, təkzib olacağı təqdirdə Şahin Sultanovun adını tapsalar, buyursunlar, lap BMT-yə müraciət etsinlər. Düşünürəm ki, Adəm Məmmədov Azərbaycan dilini yaxşı bilmir, təklif edirəm, özünə ya linqivist, ya da Azərbaycan dilini öyrədən adam tapsın. Biz aydan danışırıq, bu günəşdən. Biz sudan, bu qurudan xəbər verir”.
Qeyd edək ki, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) həbs edilən sabiq komandanı, vitse-admiral Şahin Sultanovun vəkili müdafiə etdiyi şəxs barəsində iddialar irəli sürən hərbi ekspert Üzeyir Cəfərovla bağlı prokurorluğa müraciət edəcəyini açıqlayıb.
Gülşən Raufqızı