Müxalif Milli Şura aprelin 28-də jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yayıb.
“Mediaform” xəbər verir ki, bəyanatda tanınmış jurnalisti ehtimallar əsasında vətənə xəyanət maddəsi ilə ittiham edildiyi, onu düşmənə işləməkdə suçlamaqla hakimiyyətin daha geniş təmizləmə kampaniyasına başlamaq niyyətindən xəbər verdiyi deyilir: “Bu həbsin ətrafında gedən söz-söhbətlər onun kimlərəsə çıxmaq zərurətindən irəli gəldiyini ortaya qoyur. Hədəf kimi tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun götürüldüyü göz qabağındadır. Dairə genişlənə də bilər. Anar Məmmədlinin həbsi ilə sonuncu müstəqil seçki monitorinqi təşkilatı sıradan çıxarıldı. Görünür, Leyla Yunusu hədəfə almaqla hakimiyyət siyasi məhbus məsələsinə “xitam vermək” niyyətindədir. Mirqədirovun həbsi və Leyla Yunusun hədəfə alınması çoxgedişli bir prosesdir. Leyla xanım Demokratik Qüvvələrin Milli Şurasının rəhbər heyətində təmsil olunduğu üçün “vətənə xəyanət” ittihamını son nəticədə Milli Şuraya qarşı yönəltmək cəhdləri də istisna edilə bilməz. Bu ilin mart ayının 3-də Xalq Cəbhəsi Partiyasının qərargahı partladıldıqdan sonra Milli Şuranın Koordinasiya Mərkəzinin toplantıları Leyla xanımın ofisində keçirilir. “Dövlət sirri” zəminində “vətənə xəyanət” eyhamlarının gündəliyə gəlməsi, heç şübhəsiz ki, Leyla xanımın Milli Şuradakı səmərəli fəaliyyəti ilə bağlıdır.Biz Milli Şura olaraq siyasi mülahizələrlə vətəndaşların təqib edilməsini, Rauf Mirqədirov kimi vətənpərvər bir jurnalistin saxta ittihamlarla həbs edilməsini qəti şəkildə pisləyirik və bunu cəmiyyətdə qorxu xofunun bərqərar edilməsinə, idarə olunan cəmiyyət yaradılmasına cəhd kimi qiymətləndiririk”.
Modern.az