Bir neçə gün öncə Minskdə tanınmış rus tarixçisi, tarix elmləri doktoru Stanislav Çernyavskinin Azərbaycana həsr olunmuş “Azərbaycan tarixinin 10 ili: 2003 – 2013” adlı kitabının təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə, Rusiya Federasiyasının Belarusdakı səfiri Aleksandr Surikov, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski, İsrailin Belarusadkı səfiri İosif Şaqal, Türkiyə səfiri Cevat Nezehi Özkaya və s. qonaqlar iştirak ediblər.
Bundan başqa, tədbirə Azərbaycandan Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov və Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli də qatılıb.
Modern.az xəbər verir ki, deputat Eldar İbrahimov “Azərbaycanın 10 ili: 2003 – 2013” kitabının təqdimatında geniş çıxış edib.
Eldar İbrahimov ilk növbədə, Azərbaycan xalqının dostu Stanislav İvanoviç Çernyavskiyə kitabın ərsəyə gəlməsi zamanı çəkdiyi zəhmətə görə öz təşəkkürünü bildirib.
Həmçinin tədbirin təşkilinə görə, İsfəndiyar Vahabzadəyə xüsusi minnətdarlıq edib.
Kitabın hər 5 bölümünə toxunan Eldar İbrahimov burada ölkəmizin və cəmiyyətimizin hərtərəfli modernləşdirilməsinin ətraflı təsvir olunduğunu diqqətə çatdırıb.
Müəllifin kitabı yazmaq üçün arxiv sənədlərini, rəsmi mənbələrin materiallarını, müxtəlif müəlliflərin kitab və məqalələrini mənbə kimi istifadə etdiyini qeyd edib.
Millət vəkili öz çıxışında vurğulayıb ki, kitabın birinci bölümü milli dövlətçiliyimizin fundamentinin qurulmasına həsr olunub.
Qeyd edib ki, müəllif Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra xarici siyasətdə apardığı balanslaşmış siyasəti, beynəlxalq aləmə uğurlu inteqrasiyanı, Ermənistan istisna olmaqla region və dünya ölkələri ilə qarşılıqlı dostluq münasibətlərini bərqərar etdiyini müfəssəl təsvir edib. Çernyavskinin konkret fakt və sənədlərlə Azərbaycan-Ermənistan münaqişəsinin yaranma şəraitini, erməni separatçılarının fəaliyyətini ortaya qoyduğunu söyləyib.
Bundan başqa, 1828-1830-cu illər ərzində İran və Türkiyədən İrəvan və Gəncə quberniyalarına ermənilərin köçürülməsi konkret faktlarla kitabda sübut olunduğunu qeyd edib.
Kitabın ikinci bölümünə toxunan azərbaycanlı deputat müəllifin müstəqil Azərbaycanın energetika siyasətinə ətraflı şəkildə toxunduğunu, “Əsrin müqaviləsi”, “Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolu” barədə ətraflı məlumat verdiyini deyib.
Eldar İbrahimov Neft strategiyasının, Dövlət Neft Şirkətinin ölkənin sosial-iqtisadi inkişafındakı önəmli rolundan bəhs edən kitabı yüksək dəyərləndirib.
Kitabın üçüncü bölümünü şərh edən millət vəkili burada Çernyavskinin 2003-cü ildə İlham Əliyevin xalqın yekdil səsi ilə Azərbaycan prezidenti seçildikdən sonra qəbul edilən Dövlət Proqramları, kənd təsərrüfatı və sənayedə atılan addımlara toxunulduğunu vurğulayıb.
Onun fikrincə, müasir dəyişkən iqtisadi şəraitdə kitabda Azərbaycan Prezidentinin kiçik və orta sahibkarlığa, kənd təsərrüfatına dəstəyin verilməsinin əhalinin sosial rifahının yüksəldilməsinə, yoxsulluğun azalmasına və ölkənin makroiqtisadi göstəricilərinin yaxşılaşmasına şərait yaratdığı konkret faktlarla göstərilib.
Eldar İbrahimov kitabda qeyd edilən Azərbaycanın valyuta ehtiyatlarının 50 milyard dollara çatmasını, inflyasiyanın idarəolunan təkrəqəmli vəziyyətə çatmasını, UDM-un 3,4 dəfə artmasını aparılan düzgün iqtisadi siyasətlə əlaqələndirib.
Həmçinin Azərbaycanın ilk süni peyki- AzərSatın orbitə buraxılması, ölkəmizin BMT Təhlükəsizlik Şurasına müvəqqəti rəhbər seçilməsinin kitabda dolğun təsvir edildiyi diqqətə çatdırılıb.
Kitabın dördüncü hissəsinə toxunan azərbaycanli millət vəkili Stanislav Çernyavskinin ölkəmizi sivilizasiyalar arası vektorda təhlil etdiyini diqqətə çatdırıb. Şərqlə Qərb, Cənubla Şimal arasında Azərbaycanın get-gedə daha çox beynəlxaq nüfuz qazanmasını, 2011-ci ildən Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini, başqa-başqa konfranslara ev sahibliyi etməsinin kitabda ətraflı göstərildiyi qeyd edib.
Sonuncu- beşinci bölümdə isə Azərbaycanın iyirmi faiz torpaqlarının işğal altında olmasını, Ermənistan qoşunlarını bu torpaqlardan hələ də çıxarmadığını göstərən müəllif Eldar İbrahimovun fikrincə, ATƏT-in 20 ildən artıq göstərdiyi fəaliyyəti, icmalar arasındakı danışıqların kitabda çox müfəssəl əks etdirildiyini dilə gətirib.
Deputat onu da qeyd edib ki, tanınmış Rusiya tarixçisinin qələmindən çıxan bu kitab həm Azərbaycanın inkişafının beynəlxalq aləm tərəfindən qəbul edilməsində, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.


Modern.az