Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin aprel ayında müəsissələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti tədbirlərini davam etdirib.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, dövlət nəzarəti zamanı 2060 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb və bu rəqəm ötən ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 9 dəfə çoxdur. Həmin hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələrin 52,6 faizi (196 922 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin aprel ayında ödənilən məbləğlə müqayisədə 36 dəfədən də çoxdur.Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi vətəndaşların əmək hüquqlarının təminatı, həmçinin iş yerlərində onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına yönəlib.
Modern.az