
“Sınaq Qiymətləndirilməsinin sual kitabçası test şəklində, 4 variant, 80 sualdan ibarət olacaq və 2 saat ərzində cavablandırılacaq. 80 sualdan 40 sual (ixtisas), 20 sual (metodika), 20 sual (kommunikativ) olacaq. Sualların tərtib olunması prosesində ekspertlər iştirak edir”.
Bunu Modern.az-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tahirquliyeva deyib.
Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. A.Tahirquliyevanın sözlərinə görə, suallar müəllimlərə əvvəlcədən verilməyəcək:
“Müəllimlər suallarla ancaq Qiymətləndirilmə zamanı tanış olacaqlar. Suallar tədris proqramına uyğun tərtib edilir və müəllimlərin şagirdlərə dərs dedikləri mövzulardandır. Sınaq Qiymətləndirilməsinin həyata keçirilməsi üçün hazırlıqlara başlanılıb və bütün işlər qrafik üzrə davam edir”.
Misranə Həsənzadə