“Sınaq Qiymətləndirmədə fəxri ad və mükafata layiq görülənlər, “əməkdar müəllim”lər və “ən yaxşı müəllim”lər üçün heç bir güzəşt nəzərdə tutulmayıb və bu müəllimlərin Qiymətləndirmədə öndə gedərək nümunə olmalarını gözləyirik”. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmi facebook səhifəsində müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı suallara cavab verərkən bildirib.
Qeyd edilib ki, attestasiyadan fərqli olaraq sınaq qiymətləndirmədən aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılmır: “Təhsil Nazirliyi tərəfindən keçirilən Qiymətləndirmə sınaq xarakter daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Effektiv və harmonik təhsil mühitini yaradılması təhsilalanlara əldə etdikləri biliklərin tətbiq etməsi üçün çox vacibdir. Bu mühitin yaradılması dünya təcrübəsində də istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və bacarıqlarının vaxtaşırı monitorinqindən keçir. Və ən əsası, attestasiyadan aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılır, SQ-də isə belə hal mövcud deyil.
Sınaq Qiymətləndirilməsindən keçmək üçün yaş həddi də müəyyənləşməyib. Hazırda Bakı şəhərində Təhsil Nazirliyi sisteminə daxil olan, müəllimlik fəaliyyəti ilə məşğul olan hər kəs qiymətləndirmədən keçməlidir”.
“Qiymətləndirmədə iştirak edən və yüksək nəticə göstərən müəllimlər necə qiymətləndiriləcək” sualına cavab olaraq bildirilib ki, SQ-nin nəticələrinə görə, müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər: “SQ-dən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməyib. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcək”.
Misranə Həsənzadə