Abid Tahirli,
filologiya elmləri doktoru
UNESKO tərəfindən 2014-cü ilin İsmayıl Qaspiralının xatirə ili elan edilməsi münasibəti ilə
Həm bədii, həm də publisistik əsərlərində İ.Qaspiralının Avropa mədəniyyəti anlayışına birmənalı münasibətinin olmamasını onun islam təəssübkeşliyi ilə bağlamaq yanlış yanaşmadır. Avropa həyat, təfəkkür tərzinə daha dərindən nüfuz etdikcə, bələd olduqca İ.Qaspiralının bu mədəniyyət adı altında digər xalqlara insan haqları, yaxud vicdan azadlığı adı altında belə demək mümkünsə, bir sıra əxlaqdan kənar xüsusiyyətlərin sırınmasına, transferinə qarşı münasibəti sərtləşir, kəskinləşir. Bədii əsəri «Firəngistan məktubları»nda «Bu gün Avropadan geri qalmış millətlər Avropanı müəllim və xoca tutmalıdırsa da, Avropanın qüsurlarından, xətalarından ibrət alıb bundan daha səadətli yaşam tərzi qurmağa səy göstərmələri daha ziyadə vacibdir» - yazan İ.Qaspiralı «Avropa mədəniyyətinə bir nəzər» adlı publisistik əsərində qeyd edir: Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!»
Müəllifin digər əsərlərində də Avropa mədəniyyətinin üstün keyfiyyətlərinə yiyələnməklə, islam məktəblərində, mədrəsələrində elmi fənlərə yer verməklə daha yüksək həyat tərzinə nail olmağın mümkünlüyü göstərilir. 1885-ci ildə İstanbulda nəşr olunan bu əsərdə İ.Qaspiralı əvvəlcə mədəniyyət nədir, Avropa mədəniyyəti nədir, ondan kənar «Adəm oğluna rahat və səadət yoxdurmu?» - kimi suallara cavab verməyə çalışır. Avropanın mədəniyyət mərkəzlərinə fikrən səyahət edən müəllif zahirən parıldayan, lakin içində inləyən şəhərləri təqdim edir və yazır ki, «yaşam biçiminin iç üzünə diqqət etsək», haqq və ədalətdən əsər-əlamət qalmadığı aşkar olar. İngilis parlamentini tənqid edən müəllif onun bir qrup zadəganın mənafeyinə xidmət etdiyini, universitetlərdə əxlaq və ədalətdən başqa bütün fənlərdən dərs deyildiyini, fabrik və dəmir yolunda fəhlələrin istismar olunduğunu göstərir. Avropada – xristian mədəniyyətinin hakim olduğu cəmiyyətdəki bu cəhətlərini qeyd edən müəllif eyni zamanda sosialist düşüncəsini də qətiyyətlə rədd edir, onun prinsiplərinin, xüsusi ilə mülkiyyət və varisliklə bağlı müddəalarının qəbuledilməzliyini vurğulayır. İ.Qaspiralı əsərin sonunda yeni icadların, kəşflərin, elmin faydasını, xidmətini inkar etmədiyini, eyni zamanda islamın da ciddi islahatlara və bu yolla irəliləməyə ehtiyacı olduğunu yazır.