Modern.az

Bəzi ixtisaslarda keçid ballarını artıracaq SƏBƏB

Bəzi ixtisaslarda keçid ballarını artıracaq SƏBƏB

Təhsil

Bu gün, 15:29

Hazırda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) bəzi ixtisaslara marağın artmasına və nəticədə keçid ballarında dəyişikliklərə səbəb ola bilər. Təhsil üzrə ekspertlər hesab edir ki, beynəlxalq tədbirlər müəyyən sahələri gündəmə gətirdiyi üçün abituriyent seçimlərinə də təsir göstərir.

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil sahələri üzrə ekspert Elçin Əfəndi bildirib ki, oxşar vəziyyət daha əvvəl COP tədbiri zamanı da müşahidə olunub:

“Nəzərinizə çatdırım ki, COP ərəfəsində müəyyən qədər ballarda dəyişiklik yaşanmışdı və burada həmin il abituriyentlərin göstəriciləri birbaşa bağlı idi. Xüsusilə ekologiya və alternativ enerji mənbələri ilə bağlı ixtisaslar həmin dövrdə daha çox tanındığı üçün insanlar o istiqamətlərə yönəlmişdi”.

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda keçirilən beynəlxalq şəhərsalma forumu da bəzi sahələrə marağı artıra bilər:

“Hazırda ölkəmizdə beynəlxalq şəhərsalma forumu keçirilir. Bu da müəyyən qədər təsir göstərəcək. Əsasən daşınmaz əmlakın qeydiyyatı ixtisasına təsir edə bilər. Eyni zamanda yeni yaradılmış daşınmaz əmlakın idarəolunması ixtisası var ki, bu istiqamətə maraq arta bilər”.

Onun sözlərinə görə, forum çərçivəsində daha çox gündəmə gələn sahələr bəzi mühəndislik və infrastruktur ixtisaslarına da təsirsiz ötüşməyəcək:

“Meliorasiya, su təsərrüfatı mühəndisliyi və bu qəbildən olan digər ixtisasların ballarında müəyyən qədər artım ola bilər. Çünki insanlar beynəlxalq tədbirlərdə hansı sahələrin daha çox müzakirə olunduğunu görür və həmin istiqamətlərə maraq göstərirlər”.

Elçin Əfəndi bildirib ki, xüsusilə memarlıq və şəhərsalma istiqamətində bu il artım ehtimalı daha yüksək görünür:

“Məsələn, birinci ixtisas qrupunda memarlıq və şəhərsalma ixtisasları var. Bu il həmin ixtisaslarda müəyyən qədər bal artımı gözlənilə bilər. Çünki beynəlxalq tədbir çərçivəsində şəhərsalma, meliorasiya, su təsərrüfatı, daşınmaz əmlakın idarəolunması kimi istiqamətlər daha çox müzakirə olunur və ictimaiyyət tərəfindən eşidilir”.

Ekspert hesab edir ki, abituriyentlər həmin sahələrdə gələcək perspektiv gördükləri üçün seçimlərdə də dəyişiklik edə bilərlər:

“İnsanlar bu istiqamətlərdə tələbatın artdığını düşünərək müraciət edə bilər. Bu isə bəzi ixtisaslarda keçid ballarının yüksəlməsinə səbəb ola bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir