Namidə BİNGÖL
Həftənin siyasi hesabatını təqdim edirəm.
Bəzən bir kreslo uğrunda ölüm-itim mübarizəsi gedir. Bunu mən demirəm. Bunu görə-görə gəlirik. Yola saldığımız həftə Müsavat Partiyasında əməlli-başlı kreslo davasına şahid olduq. Kənardan bir yumruq altında birləşmək təsiri bağışlasalar da, daxildə heç də belə deyil. Nə isə.
Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin keçirdiyi iclasda bütün məsələlər çılpaqlığı ilə nümayiş olundu. Vallah kimin kimdən nə istəməsi önəmli deyil. Önəmli olan odur ki, hərə boşqabı öz qabağına çəkmək istəyir.
Sən demə, Arif Hacılı ilə Qubad İbadoğlu masaətrafı üz-üzə fikir mübadiləsi aparmağı bacarmırlarmış. İki nüfuzlu şəxsiyyətin bir-birini amansızcasına ittiham etməsi bir tərəfdən gülməlidir, digər tərəfdən də ağlamalı. Görünür, Qubad İbadoğlunun QHT sektorunda pul qazanmasını bu vaxta qədər Arif Hacılı heç cürə “həzm edə bilmirmiş”.
Necə deyərlər, bir məqam axtarırmış ki, Qubad bəy onun ayağını tapdalasın. Aha, məqam tapıldı. Müsavat Partiyasında başqanlığa namizəd olmaq nəinki “ayaq tapdalamaq”, hətta, “baş yarmaq”dan da ağır iş imiş. Qubad bəy də bir “fitə bənd” imiş. Deyir sənin nə qədər villan varsa, ”açaram sandığı, tökərəm pambığı”.
İndi Müsavata başqan kim seçiləcək bəlli deyil. Maraqlıdır, bunlar doğrudanmı başqan olmaq iddiasındadır?! Əgər belədirsə, niyə gələcək başqanın təqdimatını bu formada aparırlar?!
Yeri gəlmişkən, bu hadisələrdən sonra hadisə iştirakçılarının dediyinə görə, iclasda baş verənlər bu səviyyədə olmayıb. Sadəcə, Müsavata əks mövqedən yanaşanların uydurduqları informasiyadır. Nə deyirik, təki elə olsun.
O zaman ADP sədri Sərdar Cəlaloğlunun “dişinin dibindən çıxanı” AXCP sədri Əli Kərimliyə deməsini necə başa düşək?! Həbsdə olan şəxslərin hüquqlarının müdafiəsi məsələsi ortaya atılandan çaxnaşmalar səngimək bilmir. Bu səbəbdən də Sərdar Cəlaloğlu bu dəfə Əli Kərimlini hədəfə alıb. Özü də elə-belə yox ha!
Həbsdə olan hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi ilə bağlı Müsavat Partiyasının təşəbbüsü ilə Müdafiə Komitəsinin yaradılmasından yəqin ki, xəbəriniz var. Bu komitədə ADP, KXCP, VİP və Ümid Partiyası da təmsil olunur. Sadəcə olaraq, AXCP-nin bu məsələyə “don geyindirməsi”, yəni qara piar aparması Sərdar bəyi özündən çıxarıb. AXCP-nin Müdafiə Komitəsinə qarşı qarayaxmalar həyata keçirməsinə Sərdar bəyin reaksiyası kəskin olub. Deyir, “həbs olunanların arxasında siyasi kapital toplamağa cəhd etmək əxlaqsızlıqdır. Belə də ki, gəlmirsən cəhənnəmə gəl!”
Görünür, Sərdar Cəlaloğlunun Əli Kərimlini Müdafiə Komitəsində görməyə qətiyyən gözü yoxdur. Yoxsa, birdən-birə bu dərəcədə cin atına minərdimi?!
Yola saldığımız həftə Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin haqq dünyasına qovuşmasından 14 il keçdi. Hər il olduğu kimi bu il də mərhum prezident məzarı önündə anıldı. Yenə də müxalifət daxilində bərabər şəkildə Elçibəyi ziyarət etmək mümkünsüz göründü. Ayrı-ayrı qruplaşan partiyalar öz çətirləri altında birləşdi. Yəni Milli Şura AXCP-nin, KXCP də Müsavatın yanında sipər dayandı. Əlavə nəsə söyləmək fikrində deyiləm. Sadəcə, belə birləşmələrin mövcudluğu davam etdikcə, müxalifətdə “soyuq küləklər” səngiməyəcək.
İndi isə yola saldığımız həftənin əsas görüşünə diqqət çəkmək istəyirəm. Hərbi sahənin güc strukturları bir araya gəldi. Türkiyə, Gürcüstan və Azərbaycanın müdafiə nazirləri Naxçıvanda toplandı.
Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya və Türkiyənin Milli Müdafiə naziri İsmət Yıldız arasında baş tutan üçtərəfli görüş sıradan görüş deyildi. Bir müddət öncə, Cənubi Qafqaz regionunda atəşkəsin ciddi şəkildə pozulması regionun sabitliyini təhlükə altında qoydu.
Təbii ki, təhlükə ilə üz-üzə qalan Ermənistan ordusu “göz yaşlarını gizlədə bilmədi”. Davamlı olaraq, Azərbaycan ordusunun yenilənən hərbi texniki bazası önündə köhnəlmiş silah sursatla dayanmağın mümkünsüzlüyünü anlayan Ermənistan ordu rəhbərliyi çıxış yolunu “böyük qardaş”ın yardım əlini uzatmasında axtarırdı.
Bu ilin may ayında Avrasiya İqtisadi İttifaqının yaranmasına Ermənistanın qoşulması hələ ki reallaşmadığından sükut davam edir. Regionda təkləndiyini hiss edən Ermənistanın ölkənin iqtisadi və hərbi gücünü artırması üçün dəridən-qabıqdan çıxması aydın görünür. Digər tərəfdən regionda 3 ölkənin müdafiə nazirlərinin görüşünün Ermənistanda narahatlıq yaratdığını göstərdi. Görünür, Serj Sərkisyan rejimi Gürcüstan kimi “dostu”nu da itiricəyindən qorxur. Hər halda, 3 dövlət arasında birgə əməkdaşlığa dair müttəfiq fəaliyyət mexanizmi sərgiləməsi Ermənistan ordusunun bir addım da geri çəkilməsinə yol açacaq.