“Avropa geosiyasi kontekstində “Azərbaycan-Gürcüstan–Türkiyə üçbucağı” regional konfransında çox önəmli məsələlər müzakirə olundu”.
Bu sözləri Axar.az-a İtaliyadan yenicə qayıtmış millət vəkili Fuad Muradov deyib. Onun sözlərinə görə, parlamentin və beynəlxalq komitələrin bundan öncəki görüşündə Azərbaycan-Gürcüstan-Türkiyənin parlament çərçivəsində əməkdaşlıq və müxtəlif sahələrdə biri-birlərinə dəstək verəcəyi, xüsusən də ərazi bütövlüyü məsələsi ilə bağlı protokol imzalanmışdı:“İtaliyada millət vəkilləri, müxtəlif beyin mərkəzləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə çox geniş və önəmli müzakirələr apardıq. Burada Avropa İttifaqından və Avropa Birliyindən nümayəndələr iştirak edirdi.
Üç əsas mövzuya toxunuldu. Birincisi, indiki şəraitdə əlaqələrin qurulması üçün atılacaq addımlar, ikincisi, enerji təhlükəsizliyi məsələsi, üçüncüsü, gələcəkdə Qara dənizdə reallaşacaq layihələr, bu istiqamətdə Avropa Birliyinə üzvlük və AB ilə əməkdaşlıq məsələləri müzakirə olundu. Yaxın gələcəkdə bu formatın nə qədər əhəmiyyətli olduğunun şahidi olacağıq.
Qərara gəlindi ki, bütün sahələr üzrə üç ölkə əməkdaşlığı davam etdirməlidir. Əsas müzakirə ondan ibarət idi ki, hər iki ölkənin - Azərbaycan və Gürcüstanın əraziləri işğal altındadır və bu baxımdan Avropanın təhlükəsizliyi məhz bu ölkələrin ərazi bütövlüyünün bərpasından keçir”.
“Vaxtilə ATƏT PA-nın sədri, BMT Baş katibinin müavini olmuş ispaniyalı səfir Xaviyer Ruperesin təəssüflə Avropada separatizm meyllərinin güclənməsi və ölkələrin ərazi bütövlüyünün bərpasının Avropanın təhlükəsizliyindən keçməsini vurğulaması çox önəmli idi”, - millət vəkili bildirib.
F.Muradov onu da qeyd edib ki, Cənubi Qafqazda ümumdaxili məhsuluna, iqtisadiyyatının gücünə görə Azərbaycanın birinciliyi yenə diqqət mərkəzində olub:
“Türkiyənin Cənubi Qafqazın ümumi iqtisadiyyatında daha yaxından iştirak etməsi, mədəni, iqtisadi, siyasi əlaqələrin inkişafı fonunda görüşlərin davam etdirilməsi əsas qərarlardan biri oldu.
Konfransda Azərbaycanın enerji siyasəti xüsusilə qeyd olundu. Türkiyə, Gürcüstan və Avropa ölkələrinə çox ciddi və bütün layihələri öz hesabına həyata keçirən yeganə Qafqaz ölkəsinin Azərbaycan olduğu bildirərək bütün istiqamətlərdə dəstəyin vacibliyi önə çəkildi”.
Xatırladaq ki, noyabrın 13-dən 16-dək İtaliyanın Kadenabiya şəhərində Avropa İdeyalar Şəbəkəsi ilə Konrad Adenaur Fondunun təşkilatçılığı ilə Avropa Parlamentində Xalq Partiyasının vitse-prezidenti Paulo Rangel, Avropa Komissiyasının rəsmi nümayəndələri və hər üç ölkənin təmsilçilərinin iştirak etdiyi regional konfrans keçirilib.
Modern.az