
Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir. Modern.az-ın verdiyi xəbərə görə, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, dünyada və regionda baş verən kataklizmlərdən Azərbaycan yan keçə bilib: “Güman edirəm ki, Azərbaycan qarşıya qoyduğu məqsədlərə çatacaq”.
Deputat bildirib ki, 2015-ci ildə ölkə miqyasında qazlaşma başa çatmalıdır: “Bu mənada Salyan və Neftçala rayonlarının kəndləri də qazlaşdırılmalıdır”.
Partiya sədri aqrar sektordakı problemlərdən də danışıb: “Xaricdən gələn meyvə-tərəvəzlərə rüsumum az olması ölkə daxilindəki fermerlərin məhsulunu bazara çıxarıb satmağa çətinlik yaradır. Bu vəziyyət düzəlməlidir”.
Milli Məclis üzvü peşə-texniki məktəblərin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini və gənclərin işsizlik problemini də vurğulayıb. O, kommersiya banklarından da şikayət edib: “Faizlər həddindən artıq çoxdur. Bunun qarşısını ala bilmirlərsə, təklif edirəm ki, biz də Mərkəzi Banka bu istiqamətdə təkliflər verək. Bununla da əhalini kommersiya banklarının nəhəng mədəsindən qurtara bilərik”.
Aqşin KƏRİMOV