İbrahim Ömərov mənim dostum idi. Amma neyləyək ki, bizi tez tərk elədi. Cəmi 36 yaş. 36 yaş nədir ki?
Amma duzlu-məzəli söhbətləri yadda qaldı. Təkcə bir sözünə - “İnsanlar bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin” - kəlamına “Gözəl İbrahim” adlı bir hekayə həsr etdim. Çünki o, ətrafındakı bütün insanları sevirdi. Dilindən bir adamın da adını eşitmədim ki, ona nifrət etsin.
İbrahim həm də adını daşıdığı babasıyla fəxr edirdi. Onun kəlamları, nəsihətləriylə oturub-dururdu. Elə bir məclis olmazdı ki, ondan söz deməsin, rəhmət oxutdurmasın. Babasının nəsihətlərdən birini mənə də nəql eləmişdi:
“Mahir, 7-8 yaşım olardı. Babam isə deyirdi ki, “İbrahim, bax a... arvadın dalıyca qaçma, çata bilmərsən”. Məəttəl qalırdım ki, nə deyim. Arvada çatmağa nə var ki. Qonşumuz Məmmədəli arvadı onu əsəbiləşdirəndə dalıyca qaçırdı. Qaçıb, çatıb, hələ bir qapaz da vururdı. Hələ evdəkiləri demirəm. Bax indi evlənmişəm. Arvad məndən bərk qaça bilər ki, mən də ona çatmayım? Əsla. Kişi arvadın dalıyca qaçar, ona çatar, hətta ötər də...”.
Bir müddət keçdi. İbrahim bir az da yaşlandı. Axır ki, babasının bu nəsihətini başa düşdü: “Mahir, demə İbrahim babam tamam başqa şey deyirmiş. Məsələn: arvad səndən təzə palto istəyir. Bir təhər pul tapıb alırsan. Üstündən bir az keçən kimi beyninə dublyonka düşür. Onu da alırsan. Bir az keçir, arvad artıq şuba xülyasındadır. Onu da alırsan. Köhnə aldığın qara rəngdədirsə, arvada ağ rəngli şuba lazımdır. Yaxud da tək brilliant qaşlı üzük alırsan, buna bab sırğasını istəyir. Sırğa alırsan, medalyon yada düşür. Sonra bilərzik, saat, daha nələr, nələr. İndi başa düşmüşəm ki, arvadın arzuları çox və sonsuzdur. Hansını həyata keçirsən, yeniləri dünyaya gəlir. İndi-indi babamı başa düşməyə başlamışam. Arvadın arzuları sonsuzdur. Bu arzuların dalıyca qaçmaq olmaz – çata bilmərsən. Arvadın dalıyca qaçacaqsan, qaçacaqsan, bir də görəcəksən həyatın sonudur. Sən finişdəsən. Arvadın arzuları isə hələ də startda”.
PS. Əzizim, İbrahim, baban bu sözləri arvadın, gəlinlərin, qız nəvələrin arzularının dalıyca qaçıb-qaçıb, finişə çata-çatda başa düşüb demişdi. Amma biz səni startda itirdik, həyat yoldaşının, gələcək gəlinlərinin, qız nəvələrinin arzuları finişə erkən çatdı.