Həbs müddətinin bitməsinə baxmayaraq, hələ də xəbər ala bilməyən vəkillər Rauf Mirqədirovun həyati üçün təhlükə olduğundan narahatdırlar.
“Rauf Mirqədirovun həbs müddəti noyabrın 18-də saat 24:00-da bitib. Amma buna baxmayaraq onu buraxmadılar”.
Bunu Modern.az-a jurnalistin vəkili Elmar Süleymanov bildirib.
Onun sözlərinə görə, işi aparan müstəntiq İbrahim Ləmbəranski də hər hansı açıqlama verməyib:
“Həbs müddətindən 2 gün keçməsinə baxmayaraq Rauf Mirqədirovdan xəbərimiz yoxdur. Mən və digər vəkil Fuad Ağayev dünən saat 15:30-dan etibarən Milli Təhlükəsizlik Nazirliyinin təcridaxanasında olduq.
Rauf Mirqədirova dair rəsmi sənədləri təqdim edərək onun həbsxanadan çıxartmaq üçün getmişdik. Amma bizə növbətçi hissədən bildirdilər ki, rəis olmadığından onu çıxara bilmərik. Biz rəislə əlaqə saxlanılmasını istədik, amma o da zənglərə cavab vermədi”.
Vəkillərin iddiasına görə, jurnalisti görmək istəsələr də, buna da əngəl törədilib: “Daha sonra müvəkkilin özü ilə görüşmək istədik, dedilər ki, Mirqədirov siz gəlməmişdən əvvəl özünü pis hiss etdiyindən həkim müayinəsindədir. Yenə gözlədik, həkimin açıqlamasını istədik, yenə də istəyimiz təmin olunmadı. Bilirdik ki, onun səhhətində ciddi problem yoxdur. Bizə dedilər ki, 5-10 dəqiqəyə Rauf müəllim təcridxanaya gətiriləcək. Saat 18:00-a qədər gözlədik, amma onu görə bilmədik. Həmin vaxt bizi məcburən MTN-dən çıxartdılar”.
Vəkillər jurnalistin həyatı üçün təhlükədən narahatdırlar: “İndiyə qədər də onun harada, nəyə əsasən saxlanıldığı bizə bəlli deyil. Bilmirik ölüb, yoxsa qalıb, sağdırsa hardadır? Bu məsələ üzrə ən yüksək orqanlara müraciət hazırlayırıq”.
“Rauf Mirqədirovun həbs müddəti uzadıla bilərmi” sualına cavab olaraq Süleymanov deyib ki, Cinayət Məcəlləsinin 292-ci madəsinə əsasən, insan qanunsuz olaraq həbs yerində saxlanılırsa, onu orda saxlayan şəxslər barədə cinayət işi başlanmalıdır:
“Şəxsin həbsdə saxlanmasının yeganə səbəbi isə məhkəmənin onun barəsində verdiyi qərar ola bilər. Belə bir qərar yoxdur, bizə təqdim edilməyib.
Biz Raufa hansısa sənədlərə imza atması üçün təzyiq edilməsindən çox narahatıq, hətta ola bilər ki, onu öz vəkillərindən imtina etməyə də təhrik edə və onun üçün özlərinin müəyyən etdiyi vəkil tuta bilərlər. Hətta saxta şəkildə həbs müddətinin uzadılmasına dair sənəd də hazırlana bilər.
Ümid edirik ki, Rauf Mirqədirov sağdır. Səlahiyyətli qurumlardan açıqlama tələb edirik.
Şünki, müraciət etdiyimiz Milli Təhlükəsizlik Nazirliyi, onun İstintaq Təcridxanası, baş prokuror, onun birinci müavini, Ədliyyə Nazirliyi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi jurnalistin azadlıq hüququnun təmin olunması ilə bağlı müraciət edilməsinə baxmayaraq, bizə cavab verməyib”.
Gülşən RAUFQIZI