Modern.az

"Azərbaycanda erməni dili tədris olunsun"

"Azərbaycanda erməni dili tədris olunsun"

Təhsil

21 Noyabr 2014, 14:11

“Böyük Ermənistan” xülyasını reallaşdırmaq arzusu ilə qəsbkarlıq niyyətlərini həyata keçirən  Ermənistan Cənubi Qafqazın işğalçı dövlətidir. Təkcə ərazilərimizin  ələ keçirilməsində deyil, eyni zamanda ideoloji məsələlərdə də siyasi hiylə işlədən qəsbkar qonşumuz, hər zaman Azərbaycana və Türkiyəyə qarşı məqsədli planlar qurur.

Bu səbəbdən də saxta ideologiaya sadiq qalan işğalçı “Hayistan”da  Azərbaycan və türk dilləri bu gün “sevgiylə” tədris olunur. Hətta bundan Ermənistanın ali məktəblərində istifadə olunmaq üçün “Türkiyə Respublikasının tarixi” adlı dərslik də hazırlanıb. Amma 20 ildən artıqdır torpaqları işğal altında olan Azərbaycanda erməni dilinin və tarixinin öyrədilməsi məsələsi gündəmdə deyil.

Maraqlıdır, düşmən dövlətin bizə qarşı qarayaxma kampaniyalarını, yanlış informasiyaların orijinal variantını necə müəyyənləşdirməliyik? Bu istiqamətdə necə mübarizə aparmalıyıq?

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fəzail İbrahimli Ermənistanda Azərbaycan və türk dillərinin tarixinin öyrədilməsinə geniş şərait yaradıldğını deyib:

“Düşmənlə mübarizə aparmaq üçün onun dilini, tarixini bilmək mütləq lazımdır. Ermənistan universitetlərində çoxdandır Azərbaycan və türk dili tədris olunur, bizim tariximiz öyrədilir. Amma bu tarixin necə keçirilməsinin digər bir tərəfi də var. Əgər bu, tarix erməni müəlliflərinin yazdığı tarixdirsə, bu artıq ideoloji işdir. Yəni burda aşağılamaq, saxtalaşdırmaq halları var. Ola bilməz ki, erməni millətinə türkün tarixi olduğu kimi tədris olunsun. Onlar bilərəkdən tariximizi elə bir duruma gətirib çıxarırlar. Bu da səbəbsiz deyil. İqtisadiyyatı zəif olan Ermənistan xarici dövlətlərdən borc almağa məcburdur. Ancaq onlar təbliğatlarını çox güclü apararaq gələcək nəslə ötürürlər, bu məsələdə iddialıdırlar. Ermənilər ideoloji işlərini daima ardıcıl formada, ifrata varmaqla, yalan danışmaqla və başqa səviyyədə aparırlar”.



Tarixçi-deputat Azərbaycanda erməni dilinin ali və orta məktəblərdə tədris olunmasının zərurliyini də Təhsil Nazirliyinin diqqətinə çatdırıb:
“Azərbaycanda nəinki erməni tarixi, həm də erməni dili tədris olunmalıdır. Müəyyən nəsil erməni dilini bilir. Nə üçün erməni dilində çıxan ədəbiyyatları azərbaycanlı tarixçi və ya sıravi azərbaycanlı oxuya bilməsin?! Hətta belə təklif edərdim ki, ali və orta məktəblərdə erməni dili və tarixi tədris olunsun. Burda məqsəd ondan ibarət deyil ki, erməni tarixinin və dilinin öyrədilməsi ermənilərə sevgidən irəli gələn məsələdir. Burda əsas məsələ odur ki, qarşında səninlə tarixən düşmən olan, tarixinə zərbə vuran bir işğalçı dövlət var. Torpaqlarını erməni işğalçılarının zəbt etdiyi belə millətin dilini bilməklə, informasiyaya malik olmaqla onların nə düşündüklərindən xəbərdar olmalısan. Bu mövzunu qaldırdığınıza görə sizin sayta təşəkkür edirəm. Aidiyyatı qurumlar bu haqda düşünsələr, çox yaxşı olar”.

Fəzail İbrahimli bir məqamı da xatırladıb: “Prezident İlham Əliyev sərhədboyu rayonlara səfər edən zaman bəyan etdi ki cümhuriyyət tərəfindən o torpaqların ermənilərə verilməsi səhv addım olub. Cənab prezident bu ilin iyun ayında Avropa Şurasındakı çıxışı zamanı 47 ölkənin nümayəndəsinə müraciət edərək belə fikir səsləndirdi: “Siz bilməsəniz də, Ermənistandan olan nümayəndələr çox yaxşı bilir ki, onların bugünkü dövləti Azərbaycan torpağında yaranıb. İrəvan xanlığı kifayətdir”.  Bu, bir müraciət idi. Təsəvvür edin, cənab prezident bu cür çıxışı ilə 47 ölkənin nümayəndələrini şoka saldı. O vaxta  qədər dünyanın bir çox ölkələri belə bir tarixin olduğunu bilmirdilər. Axı, kim demişdi, harada yazılmışdı?! Yazılan kitablar da Biləcəridən o tərəfə getmir. Prezidentin bu bəyanatı minlərlə cildli kitaba dəyərdi. Nəticəsi də odur ki, bu gün həmin məsələlər ideoloji fəaliyyətə çevrilib. Deməli, erməni dili tədris olunmaqla bugünkü Ermənistanın tarixi də üzə çıxacaq. Bu gün əhali arasında sorğu aparsanız görəcəksiniz ki, əhalinin 50 faizi qədim Ermənistan torpaqlarının Azərbaycana məxsus olduğunu bilmir. Ona görə Təhsil Nazirliyi ali və orta məktəblərdə erməni dilinin və tarixinin tədris olunmasını sürətləndirməlidir”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı