Bu yaxınlarda Milli Məclisdə 2015-ci il büdcəsinin müzakirələri zamanı deputat Elmira Axundova bir neçə təkliflə çıxış etmişdi. Millət vəkilinin qənaətincə, ünvanlı sosial yardımın mahiyyəti dəyişməlidir. Yardım imkanları araşdırılmalıdır ki, həqiqətən də 2-3 il sonra həmin ailələr yoxsulluq həddindən çıxarılsın və bir daha yardıma ehtiyac duymasınlar. Əks halda, sosial yardımın müddətini 2 il yox, 10 ilə qədər də uzatsaq heç bir şey dəyişməyəcək.
Elmira xanımın fikirləri ilə razılaşaraq onu qeyd etmək istərdim ki, uzun müddətli və təyinatı düzgün olmayan yardımların fəsadları böyük olur. Bu gün həqiqətən sosial yardımların verilməsi mexanizmləri dəyişməlidir. Əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi zəruri məsələdir. Lakin belə yardımlar insanlarda ələ baxımlılıq yaratmamalıdır. Ələ baxımlılıq ailələrdə, xüsusilə, fiziki cəhətdən sağlam olan, tam əmək qabiliyyətli insanlar üçün yaxşı perspektiv vəd etmir. Həmin şəxslər müxtəlif bəhanələrlə iş-gücdən, əkib becərməkdən imtina edirlər.
Bəs, ünvanlı sosial yardımın mahiyyətini necə dəyişdirmək olar?
Öncə ondan başlamaq olar ki, həddindən artıq kasıb və fiziki sağlamlığı normal olmayan təbəqələri araşdırıb, müəyyən etmək lazımdır. Həmin insanları maddi yardımla təmin etmək zəruridir. Bunu dövlət qurumları ilə bərabər, həmçinin özəl strukturlarda həyata keçirməlidir. Ən azından bu ölkədə yetərincə para qazanan sahibkar sosial məsuliyyətini dərk edərək belə layihələrə dəstək göstərməlidir.
Təəssüf ki, bu sahədə sahibkarlar tərəfindən total etinasızlıq var. Bu heçdə o anlama gəlməməlidir ki, sahibkar min zəhmət hesabına qazandığı bütün sərvətini götürüb sosial məqsədlər üçün xərcləməlidir və yaxud kasıblara paylamalıdır. Ancaq bir vacib məqam var. Bu da ondan ibarətdir ki, hər bir şəxsin o cümlədən sahibkarın da sosial məsuliyyəti var.
İkincisi, əməkqabiliyyətli və hazırda işsiz insanların ünvanlı sosial yardımından yararlanması mümkündür. Ancaq bir şərtlə bunu etmək olar. Həmin şəxslər öz üzərlərinə müəyyən öhdəlik götürməlidir. Bu öhdəlik ondan ibarət olmalıdır ki, verilən yardımlar onların gələcək bizneslərini qurmaq üçün, kənd yerlərində yaşayanlar öz təsərrüfatlarını qaldırmaq üçün vasitəyə çevrilməlidir.
Bir sözlə yardım üçün müraciət edən şəxslər konkret inkişaf planı və yaxud təkliflər paketi ilə çıxış etməlidirlər. Bu yardım maliyyə şəklində geri qaytarılmayan və əvəzində kiçikdə olsa biznesin qurulmasına dəstək olan layihəyə çevrilməlidir. Nəticədə əmək qabiliyyətli vətəndaş üçün bu mexanizm yeni iş yerlərinin açılmasına gətirib çıxarmalıdır.
Yoxsa bığıburma kişilər gəlib hər il yardım istəyırdi ki, təbii ki, bu da perspektivi olmayan proses idi. Vaxtılə belə xoşagəlməz hallar baş verirdi. Təəssüf ki, sosial yardım ayıran rəsmi qurumlar da qeyri şəffaf şəkildə belə hallara şərait yaradırdılar. Yəni qabaqcadan vətəndaşla qeyri qanuni razılığa gəlib verilən vəaitin öz aralarında bölüşdürülməsini təşkil edirdilər. Bu sahədə faktlar az deyildi. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər dəyişikliyindən sonra bu sahədə müsbət tendensiyalar baş verir.
Müşahidələr göstərir ki, ünvanlı sosial yardımın verilməsi mexanizmləri üzərində iş gedir. Yeni metodologiyalar özünü nə dərəcədə döğruldacaq bunu demək çətindir. Lakin bu işlərin daha şəffaf və effektli həyata keçirilməsi üçün Qeyri Hokümət Təşkilatlarının potensialından düzgün faydalanmaq müsbət nəticələr verər. Yalnız və yalnız şəffaf müsabiqələr yolu ilə seçilən QHT-lər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin bu sahədəki işinə normal dəstək olar. Burada nazirliyində yükü xeyli azalar və Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti genişlənər.
Digər tərəfdən rəsmi qurumlar qapılarını QHT-lərin üzünə daha geniş açmalıdırlar. Çünki millət vəkili, Azay Quliyevin müəllifliyi ilə qəbul edilmiş və 2014-cü ilin 1 iyun tarixində qüvvəyə minən "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanunu artıq icra olunur. Bu qanun dövlət idarətmə sisteminə nəzarəti həyata keçirmək üçün çox mühüm bir addım ola bilər. Yetər ki, bir sıra dövlət qurumları səmimi və şəffaf şəkildə QHT-lərlə əməkdaşlıq etsinlər.