Modern.az

Qılman İlkinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlılığı

Qılman İlkinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlılığı

Təhsil

1 Dekabr 2014, 12:00

 filologiya üzrə elmlər doktoru, professor

Bəlkə də hər gün eyni vaxtda – saat on iki - bir arası o vaxtkı Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU-nun) qabağından keçib gedərkən bu qocaman təhsil ocağını həm də ziyarət edirdi. Axı o, APİ-nin (indiki ADPU-nun) tarix - ədəbiyyat fakültəsində təhsil almışdı.
Daha doğrusu, 1936-cı ildə özünün də dəfələrlə müsahibələrində qeyd etdiyi kimi, APİ-nin (indiki ADPU-nun) tarix -ədəbiyyat fakültəsini bitirmişdi. 1932-ci ildə bu fakültəyə daxil olmuş və 1936-cı ildə fakültənin məzunu olmuşdu. Ona görə də bu müqəddəs məbədgahın qabağından hər gün keçərək ona öz hörmət və ehtiramını bildirirdi. Mən bunu XX əsrin 80-ci illərində tələbə olanda da görmüşəm, XX əsrin 90-cı illərində universitetdə işlədiyim müddətdə də görmüşəm, 2000-ci illərdən ta onun ömrünün sonuna qədər – 2009-cu ilə qədər də görmüşəm. Çox səliqəli geyimi, sadə və təmiz geyimi, ciddi görkəmi ilə yadımda qalıbdır. O vaxtlar o qədər də bunun əhəmiyyətinə varmamışam. Heç bu barədə fikirləşməmişəm də. Sonralar o, dünyasını dəyişəndə - 2009-cu ildə onunla vida mərasimi ADPU-da təşkil olunanda bilmişəm ki, Qılman İlkin bizim universitetimizi (o vaxtkı İnstitutu) bitirib və bir müddət burada dərs də deyibdir. Daha sonra onun 100 illik yubileyi keçiriləndə oğlu Ayaz Musayevdən öyrəndim ki, o, hər gün eyni vaxtda universitetimizin qabağından keçib indiki Səbail rayon İcra hakimiyyətinin yaxınlığında olan ağsaqqallar, veteranlar şurasına gedirmiş. Orada tay-tuşları, tanıdıqları adamlarla həmsöhbət olurmuş...

 Qılman İlkinin bizim universitetin və fakültənin məzunu olduğunu biləndə onun həyatı, fəaliyyəti ilə daha da geniş maraqlanmalı oldum. Verdiyi müsahibələrdən öyrəndim ki, Qılman İlkin hələ tələbəlik illərində acı repressiyanı dadmışdır. O vaxt ona dərs deyən müəllimlərin repressiya olunduğu bir vaxtda o da bu repressiyadan yan keçməmişdir. O vaxt İnstitutun hər küncündə, hər bucağında təhlükəsizlik orqanlarının fəaliyyəti hiss olunurmuş. Hətta milləti erməni olan Budaq Budaqyan adlı bir partkom İnstitutda oxuyan və işləyənlərin hər addımını izləyirmiş.

Qılman müəllim müsahiblərinin birində deyirdi: “Bir erməni partkom vardı – Budaq Budaqyan – o, hər addımımızı izləyirdi. Hətta belə bir şüar da yazıb divara yapışdırmışdı: “Sən yoldaşını ifşa et!” Bu “ifşa et!” şüarının birinci qurbanı mən oldum. Tələbə yoldaşlarımdan biri – M.Nəsirli (Allah rəhmət eləsin!) mənim hərbi hazırlıq dərsində leksiyanı ərəb əlifbası ilə yazdığımı görüb bunu Budaqyana çatdırdı. Təcili məni “ora” çağırdılar və dedilər: “get, sənin məsələni həll edəcəyik!”. Ağlaya-ağlaya çıxdım bayıra. Cavan bir müəllimimiz vardı – Ağamməd Abdullayev, gəlib dərdimi ona danışdım. O, mənə kömək etməsəydi, ən azı institutdan qovulacaqdım”. Yeri gəlmişkən Allah hər ikisinə - Ağamməd Abdullayevə də, Qılman İlkinə də rəhmət eləsin. Mən həmişə belə eşitmişəm ki, Ağamməd Abdullayev çox xeyirxah bir ziyalı olub. Onun xeyirxahlığından Qılman müəllim də dadıbdır. Yaxşılıq heç zaman itmir, onun yaxşılığını Qılman müəllim itirməyib, unutmayıbdır.

 Qılman İlkini ADPU ilə (keçmiş APİ ilə) bağlayan məqamlardan biri də onun burda ali təhsilini başa vurandan sonra aspirant kimi saxlanılmasıdır. O, aspiranturada saxlanıldıqdan sonra təhlükəsizlik orqanlarının nümayəndələri onu tez-tez narahat etmişdir. Müxtəlif suallarla onu narahat etmiş, bəhanələr axtarmışlar. Qılman müəllim bu barədə deyirdi: “KQB isə bizi (yəni aspiranturada saxlanılanları – B.X.) tez-tez narahat edirdi. Məni bir neçə dəfə “ora” çağırdılar. Müşfiq tutulmamışdan əvvəl onun uşaq şeirləri haqqında məruzə etmişdim. Bir də soruşurdular ki, niyə sizi aspiranturada saxlayıblar? Niyə Əli Nazim sizə zəmanət verib? Nəhayət, bir səbəb tapa bilməyib əl çəkdilər”. Qılman İlkinin aspirantlıq dövründəki fəaliyyəti də o dövrün təhlükəsizlik orqanı tərəfindən izlənilmişdir. Bəlkə də o vaxtın bir günü on ilə bərabər günlər olubdur. Özü də ağrılı, acılı günlər olubdur. Bir tərəfdən istedadlı, qabiliyyətli, təhsilli adamlara ehtiyac olub. Digər tərəfdən istedadlı, qabiliyyətli, təhsilli adamlar repressiya edilibdir.

Qılman İlkinin APİ-dəki (indiki ADPU-dakı) aspirant yoldaşları və dərs dediyi tələbələr barədə söylədikləri də maraqlıdır: “Üç nəfəri – məni (Qılman İlkin özünü nəzərdə tutur – B.X.), Mirzağa Quluzadəni və Məhərrəm Əlizadəni aspirant kimi kafedrada saxladılar. Biz III – IV kurslara dərs deməliydik. Təsəvvür edin, gecə-gündüz oxuyurdum, rus ədəbiyyatından mühazirəyə hazırlaşırdım. Mənim tələbələrim kimlər idi? Böyükağa Qasımzadə, Əziz Mirəhmədov, İsmayıl Şıxlı, Tələt Əyyubov, Zeynal Cabbarzadə. 21-22 yaşım vardı və tələbələrdən seçilmirdim. Bir dəfə, hətta süpürkəçi məni tələbələrlə dəyişik salıb içəri buraxmırdı. Yaxşı ki, Böyükağa Qasımzadə onu başa saldı ki, mən müəlliməm”. Göründüyü kimi, bu hadisələr Qılman İlkinin gənclik yaddaşına elə həkk olunmuşdur ki, onu heç cür unuda bilməmişdir. Əslində bunu unutmaq da mümkün deyildir. Ən azı ona görə ki, bu, Qılman müəllimin həyatının bir parçasıdır.



Qılman İlkinin yaddaşında ADPU (keçmiş APİ) ilə bağlı olan sonralar xatırladığı, yada saldığı bir məqam da onun M.Müşfiqin dərs dediyi məktəbə praktikaya getməsi ilə bağlıdır. Yenə də Qılman müəllimin xatirələrinə müraciət etməli oluruq. O yazırdı: “Müşfiqin çılğınlığı, emosionallığı barədə çox yazıblar. Ürəyi təmiz olduğundan bəzən dilini dinc saxlaya bilmirdi. Bir dəfə APİ – də (indiki ADPU-da – B.X.) oxuyanda, onun dərs dediyi məktəbə (M.Müşfiqin dərs dediyi məktəbə - B.X.) praktikaya getmişdik. Dərs zamanı küləyin təsirilə pəncərə açıldı. Müşfiq şagirdlərindən birinə dedi: “Get bağla pəcərəni. Sovet hökumətinin düzəltdiyi pəncərə bundan artıq olmaz ki...” Əlbəttə Qılman İlkinin bu dedikləri bir daha təsdiq edir ki, M.Müşfiqin repressiyası heç də təsadüfi olmamışdır.

 Qılman İlkin APİ-də (indiki ADPU-da) tələbə və müəllim kimi fəaliyyət göstərəndə ədəbi prosesə daxil olmuş, ədəbi dərnəklərin fəal üzvü olmuşdur. O illərdə Qılman müəllim görkəmli şəxsiyyətlərlə tanış olmuş, onlarla ünsiyyətə girmişdir. Bu mənada o, M.Müşfiqi həm də belə xatırlayır: “Bir dəfə Müşfiq hansı ədəbi məclisdəsə “Küləklər” şeirini oxudu. Hamı əl çaldı. Zala enərkən Cavid Əfəndi (Hüseyn Cavid – B.X.) onu yanına çağırdı, qulağına nəsə pıçıldadı. Deyirlər ki, Cavid Müşfiqə “sən “Küləklər”i elə oxudun ki, sanki məni də küləklər apardı” deyib.

37-ci ili də Azərbaycan ziyalılarının başı üstündə əsən amansız küləklərə bənzətmək olar”.

Qılman İlkin M.Müşfiqin yaxın dostlarından biri olan Almas Yıldırımı da həmin ədəbiyyat dərnəklərində görmüşdü. Təəssüflə qeyd edirdi ki, Almas Yıldırım məlum səbələrə görə Azərbaycanı tez tərk etdi. Onun rəhbərlik etdiyi dərnəyə sonralar Seyid Hüseyn rəhbərlik edir. Qılman müəllimin xatirələrindən oxuyuruq: “Mən  o illərin ədəbi mühitində sözün əsil mənasında parlaq şəxsiyyətlərlə üz-üzə gəlmişəm, onlarla adicə ünsiyyətdə olmağı belə indi böyük qürur hissilə xatırlayıram. 29-cu ildə Əzizbəyov adına kitabxanaya - ədəbiyyat dərnəyinə gedirdim, dərnəyin rəhbəri Almas Yıldırım idi. Sonra onu Seyid Hüseyn əvəz etdi”.

Qılman müəllimin “Gənc işçi” qəzetində işə düzəlməsi (30-cu illərdə) imkan yaratmışdır ki, o, qaynar ədəbi mühitə daxil ola bilsin. Çünki o vaxt “Gənc işçi” qəzetinin redaksiyası indiki Azərbaycan Milli Elmlər Akademiyasının binası ilə üzbəüz olan binanın birinci mərtəbəsində yerləşmişdir. İndiki Azərbaycan Milli Elmlər Akademiyasının birinci mərtəbəsində isə Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti yerləşmişdir. “Gənc işçi” qəzeti ilə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin bir-birinə bu yaxınlığı imkan yaratmışdır ki, Qılman müəllim qaynar ədəbi mühitdə tez-tez iştirak etsin. Belə də olur. O, qaynar ədəbi mühitdə tez-tez iştirak edir. O vaxt Azərbaycan Sovet ədəbiyyatının yaradıcıları olan S.Vurğun, S.Rüstəm, M.Müşfiq, M.Rahim, M.Hüseyn, Əbülhəsən, Əli Vəliyev və digərləri ilə tez-tez qarşılaşır. Bu gənc ədəbi qüvvələrin ədəbi mübahisələrinin şahidi, iştirakçısı olur. Qılman müəllimin xatirələrində oxuyuruq:  “  “Gənc işçi” qəzetinə kimlər gəlirdi? Kimlər gəlmirdi desək yaxşı olar. O zamankı bütün gənclər ədəbi qüvvələr – Azərbaycan Sovet ədəbiyyatının yaradıcıları – S.Vurğun, S.Rüstəm, M.Müşfiq, M.Rahim, M.Hüseyn, Əbülhəsən, Ə.Vəliyev...” İnanıram ki, bu görkəmli ədiblərin hər biri ilə bağlı maraqlı ədəbi hadisələr olmuşdur ki, onu Qılman müəllim özü ilə haqq dünyasına aparmışdır. Yəni onu vaxtında heç bir ədəbiyyatşünas toplamamış, təhlil etməmişdir. Heç şübhəsiz ki, o dövrün qaranlıq səhifələrini Qılman müəllim qədər bilənlər az olmuşdur.

Qılman İlkin o dövrün ən görkəmli ədəbiyyatşünaslarını da məmnunluq hissi ilə xatırlayırdı. O, Əli Nazim, Atababa Musaxanlı, Mikayıl Rəfili barədə ağızdolusu danışırdı. Əli Nazimin də, Atababa Musaxanlının da, Mikayıl Rəfilinin də həyat və fəaliyyətinin ən mühüm hissəsi APİ ilə (indiki ADPU ilə) bağlı olmuşdur. Odur ki, Qılman İlkin hər üç ədəbiyyatşünası təkcə Yazıçılar İttifaqının iclaslarından deyil, həm də APİ- dən (indiki ADPU-dan) xatırlayırdı və onlar barədə xoş sözlərini deyirdi. Məsələn, o, Əli Nazim barədə belə deyirdi: “Əli Nazim çox savadlı ədəbiyyatşünas idi, nitqə başlayanda 1-2 dəqiqə sanki nə danışdığını bilmirdi, sonra hər şey qaydasına düşürdü. Bədii əsərin təhlilində ona əvəz tapmaq çətin olardı – dərinliklərəcən gedirdi. Amma mən Atababa Musaxanlını da unuda bilmirəm. O, zahirən çox qəşəng idi. Amma onu sevdirən ölçülüb – biçilmiş, sanki İlahi tərəfindən bir üstünlük kimi ona bəxş olunmuş cazibəli nitqi idi”.

Təbii ki, Əli Nazim də, Atababa Musaxanlı da, Mikayıl Rəfili də görkəmli ədəbiyyatşünas olmaqla yanaşı, həm də natiq olmuşlar.

Qılman İlkin Mikayıl Rəfili barədə bir ədəbiyyatşünas kimi də, bir şair kimi də, bir hazırcavab kimi də, bir siyasi əqidə sahibi kimi də bəhs etmişdir. Qılman müəllim otuzuncu illərin repressiyasından danışarkən mənəvi cəhətdən təqiblərə, təzyiqlərə məruz qalmış Mikayıl Rəfilini unutmurdu. Və onu belə xatırlayırdı: “Bəs Rəfilini necə, unutmaq olarmı? Rəfili rusca çox sərbəst danışırdı. Özünü çox təmkinli və soyuqqanlı aparırdı. Azərbaycan ədəbiyyatında sərbəst şeiri ədəbi praktikaya məhz Rəfili gətirdi. Doğrudur, onun şeirlərində formalizm ünsürləri də yox deyildi, Mayakovskinin, N.Hikmətin, Verxarnın, Uitmenin təsiri də duyulurdu, amma Rəfili bu şeirlərlə ədəbi aləmdə bir canlanma yaratdı. Çoxu başladı sərbəst şeir yazmağa”.

Yuxarıda qeyd etdiyimiz kimi, Qılman İlkin Mikayıl Rəfilinin hazırcavablılığı, vaxtilə müsavatçı olması barədə də çoxlarının bilmədiyi faktları xatırlayırdı: “Rəfili çox hazırcavab insan idi. Bir dəfə ondan soruşurlar ki, kənd yazıçıları haqqında nə deyə bilərsən? Rəfili deyir:

Kəndin iki şairi var,
Biri Sanılı, biri Katib.
Heyhat, hər ikisi yatıb.

Bir dəfə hansı iclasdasa Mübariz Əlizadə onu tənqid etmək istədi, dedi ki, mən Rəfilini yaxşı tanıyıram, haqqında 2-3 məqalə də yazmışam, lakin...

Rəfili onun sözünü ağzında qoyub dedi:

- Mən heç səni tanımıram, belə bir imzaya da rast gəlməmişəm.

Rəfili müsavatçı olmuşdu. Gəncədə Müsavat partiyası gənclər özəyinin üzvü idi. Amma Müşfiq kimi çılğın olmadığından, kimsə bununla maraqlanmadı”. Əslində bunu da bilməliyik ki, Mikayıl Rəfilinin bütün nəsil-nəcabəti repressiya olunmuşdu. Ona mənəvi cəhətdən o qədər təqiblər, təzyiqlər olmuşdu ki, o, soyuqqanlı olmalı və ədəbiyyatın naminə yaşamalı idi.

Qılman İlkinin – Azərbaycanın görkəmli nasirinin, M.F.Axundov adına Dövlət mükafatı laureatının, Azərbaycanın Əməkdar incəsənət xadiminin, Prezident təqaüdçüsünün həyatı və fəaliyyəti canlı bir tarixdir. Bu tarixin bəzi məqamlarına toxunduq. Heç şübhəsiz ki, onun həyatı, fəaliyyəti, yaradıcılığı geniş şəkildə tədqiq olunmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı