Abituriyentlər ixtisas seçimi ilə bağlı ödənişsiz məsləhət almaq üçün bir sıra ali təhsil müəssisələrində və Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər.
DİM-dən Modern.az-a bildirilib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər. Əllidən çox bölgədə rayon təhsil sektorlarında və bəzi məktəblərdə də abituriyentlərə ixtisas seçimi, elektron ərizənin doldurulması və müsabiqə şərtləri ilə bağlı ödənişsiz kömək göstəriləcək. Mərkəzlərin siyahısı və fəaliyyət tarixləri ilə DİM-in saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 12 -dən 19-dək aparılacaq.