“Gürcüstan “İraq Şam İslam Dövləti”ni (İŞİD) terror təşkilatı kimi tanıyır. Gürcüstan höküməti İŞİD-ə qoşularaq Suriya və İraqda cinayətkar kimi fəaliyyət göstərən şəxsləri Gürcüstana qayıtdıqdan sonra həbs edir. Bildirim ki, hazırda İŞİD Gürcüstanda açıq-aşkar, yaxud hansısa vətəndaş institutları adı altında fəaliyyət göstərmir”.
Bunu Modern.az-a “Gürcü arzusu” fraksiyasının azərbaycanlı deputatı Əli Məmmədov, Gürcüstanın İŞİD-ə qarşı apardığı siyasətə münasibət bildirərkən deyib.
Onun fikrincə, Gürcüstan vətəndaşı kimi İŞİD-ə qoşulanların əksəriyyəti milliyyətcə çeçenlərdir. Əli Məmmədov bildirib ki, hazırda Gürcüstanda İŞİD-ə qoşulan vətəndaşların rəsmi statistikası yoxdur:
“Rəsmi statistika olmasa da, Suriya və İraqda ölən terrorçuların meyitlərinin ölkə ərazisinə gətirildiyi haqda məlumatlar var. Məsələn, Suriyadan Gürcüstana, çeçenlərin yaşadığı Axmeti rayonuna 3 nəfər şəxsin cəsədi göndərilib”.
Şahin Qocayev