“İran dini bir dövlət olmaqla yanaşı, dini ideologiya sisteminə malikdir. Məqsəd bu dini ideologiyanı başqa ölkələrə ixrac etmək və bu ixrac prosesində onun ətrafında müəyyən silahlı qüvvələr formalaşdırmaqdır. Əlbəttə, bu fonda müəyyən dövlətlərdə onun ideologiyasına uyğun olaraq, ona simpatiya bəsləyən siyasi qruplaşmaların hakimiyyəti ələ keçirməsi də onun maraqlarına uyğundur. Bu baxımdan İran öz ətrafındakı ölkələrdə müəyyən işlər aparır və bu da dünya tərəfindən terrorizmə dəstək vermək kimi dəyərləndirilir. Buna görə də İranın adı ABŞ-ın Dövlət Departamenti tərəfindən terrorizmə dəstək verən ölkələr siyahısına daxil edilib”.
Bunu Modern.az-a keçmiş dovlət müşaviri, politoloq Qabil Hüseynli İranın Yaxın Şərq, Əfqanıstan, Körfəz ölkələri və Yəməndə apardığı siyasi addımları haqqında danışarkən bildirib.İranın apardığı siyasətin onun strateji maraqlarına uyğun olduğunu vurğulayan ekspert bu siyasətin onun beynəlxalq mövqeyinə o qədər də uyğun gəlmədiyini bildirib: “Çünki İranın nüvə məsələləri ilə bağlı beynəlxalq güc mərkəzləri ilə ciddi problemləri var və bu problemlər hələ çözülməyib. Üstəlik, son zamanlar İsrail bu məsələni daha qabarıq bir kontekstdə qaldırmağa çalışır. ABŞ-ı da İranla danışıqları dayandırmağa, ona qarşı sankisiyaları artırmağa və lazım gələrsə İrana qarşı hətta, müharibə başlamağa çağırır.
İranın Suriyadakı fəaliyyəti xüsusilə Qərbin maraqları ilə toqquşur. Suriya rejimini Rusiya ilə birgə qoruyub saxlamaq məhz İranın üzərinə düşür. İranın bu hərəkətləri sözsüz ki, ABŞ və Avropa dövlətləri, həmçinin Türkiyə tərəfindən rəğbətlə qarşılanmır. Lakin belə bir şəraitdə İranın öz dini ideologiyasını ixrac etməsi onun mövqelərini daha da artırmağa yönəlib”. İranın Yaxın Şərqdə apardığı siyasət əsanasında Türkiyə ilə münasibətlərinə toxunan politoloq Türkiyənin bölgədə konkret addımlar atmamasını İranın siyasi fəaliyyətinin genişləndirməsinə səbəb olduğunu vurğulayıb: “Türkiyə bölgədə öz hegemonluğuna iddialı olsa da, hələ ki, onun bu hegomonluğu həyata keçirəcək potensialı yoxdur. Türkiyə bu istiqamətdə konkret addımlar da atmır. Məsələn, Suriya məsələsində konkret addımlar atmadı. İŞİD məsələsində isə çox ehtiyatlı siyasət həyata keçirir. Bütün bunlar İranın özünün təsir imkanlarını genişləndirməsinə imkanlar yaradır”.
İranın Əfqanıstan və Körfəz ölkələri ilə apardığı siyasi addımlarını şərh edən keçmiş dövlət müşaviri burada baş verən hadisələrin İranın strateji planının ən vacib hissəsi olduğunu bildirdi:
“Əfqanıstanın Herat vilayətində baş verən proseslər də bunlarla sıx bağlıdır. Əvvəla, Heratda əhali İranla eyni dildə danışır. İkincisi, Herat İrana xeyli yaxındır və vaxtilə Herat İranın tərkibində bir əyalət olub. Hazırda İranın Əfqanıstana olan ərazi iddiaları içərisində olan Herat birinci yerdə dayanır.
Məhz Heratdakı ziddiyyətlərin qızışdırılmasında və ora maddi və silah yardımlarının göstərilməsində İranın rolu böyükdür.
Lakin qeyd edim ki, Əfqanıstanda və Suriyada İrana öz eksponsionist siyasətini həyata keçirməyə imkan verilməyəcək. Bəhreyn və Yəmən hadisələri isə Səudiyyə Ərəbistanı tərəfindən çox hiddətlə qarşılanır.
Bununla əlaqədar olaraq Səudiyyə Ərəbistanı İrana nota verib. Səudiyyə Ərəbistanını müəyyən qədər sakitləşdirən ABŞ-dır, o da İranla danlışıqları hələ başa çatdırmayıb”.
Politoloqun fikrincə, İran Yəməndə, Bəhreyində, Əfqanıstanda və Körfəz ölkələrində, ümumiyyətlə bütün ətraf bölgələrdə müəyyən əlaqələrini işə salıb:
“Lakin ciddi nəticə əldə etmək üçün güclü vəsait, insan potensialı və texnika tələb olunur. Bunun hamısına da İranın gücü çatmayacaq. Böyük ambisiyalara malik olan dövlətlərin çoxu məhz belə hərəkətlərə əl atdıqdan sonra çöküb, yaxud iflasa uğrayıb. İranın hazırda həm məaliyyə ehtiyatları, həm də hərbi potensial baxımından qüdrətli dövlətlər sırasına daxil deyil. Doğrudur, son zamanlar hərbi potensialını xeyli artırsa da, indi infilyasiya, neftin qiymətdən düşməsi, sanksiyalar İranı tədricən zəiflədib. Belə bir şəraitdə eksponsionist xarici siyasət xətti də İran üçün çox ciddi problemlər yaradacaq.
Deyilənləri yekunlaşdırsaq, belə qənaətə gəlmək olar ki, İran artıq öz qabığına sığmayan və ondan kənara çıxan bir siyasət həyata keçirməyə başlayıb. Nəticədə bu məsələlər heç də İran üçün xoş sonluqla bitməyəcək”.
Şahin Qocayev