(Dostum İbrahim Ömərovun vəfatının ildönümünə buraxılan “Ağlın zirvəsində sönən bir çıraq” adlı xatirə kitabını varaqlayarkən)
Xatirə kitabları. Düzünü desəm sevmirəm bu kitabları. Çünki hamısı monotondur. “Gözəl insan idi. Qayğıkeş ailə başçısı, yaxşı oğul, yaxşı ata, gözəl dost” – bundan bir addım da irəli getmir ölən şəxs haqda xatirə kitabları. Başqa nə yazasan ki? Sadəcə deyiləsi başqa söz tapmırıq. Çünki belə görmüşük. Bu kitabların qəlibi əvvəldən belə tökülüb. Başqa bir tərəfdən mərhumun ildönümünə tərtib olunan bu cür kitablar da hər mərhumla bağlı hazırlanmır, çap edilmir. Çünki həmin insan haqqında yazmaq üçün onun şəxsiyyət, ağsaqqal, sənətkar, görkəmli alim, şair, yazıçı, dövlət xadimi olması gərək. Yaşı da ki, 60-dan yuxarı.
Atam Qabilin il mərasimində Yazıçılar Birliyi Sona Xəyalın tərtibçiliyi ilə “Qabilli, Qabilsiz günlər” adlı kitab çap etmişdi. Ordan yalnız bir-iki xatirəni oxuya bildim. Nə oxuyaydım ki? Atamı insan və şair kimi mənə tanıtdıracaqdılarmı? Xatirə kitabları sadəcə kitabdır. Dünyadan köçənə hörmət, yaxınlarına isə təsəlli.
Amma dostum İbrahimin vəfatının ildönümünə buraxılan ”Ağlın zirvəsində sönən bir çıraq” (“Bakı Çap Evi” nəşriyyatı) adlı xatirə kitabı mənim bütün təsəvvürlərimi alt-üst etdi.
Çox yox. Cəmi 37 il ömür sürəsən və sənin haqqında dostların, doğmaların, lap iki-üç dəfə görüşdüyün insanlar SÖZ yaza bilə. “Söz”ü özüm böyük hərflə yazdım. Çünki bu kitabda cümlə yox, hər bir söz təkrarsız və qiymətlidir. İbrahim Nizami oğlu Ömərova layiqlidir.
250 səhifəlik kitab və ya İbrahim institutu bitirəndən sonra yaşadığı on beş illik şüurlu ömrə verilən yekun qiymət. Fikirləşirəm, görəsən Allah 70-80 il ömür versəydi, onun haqqında yazılanlar neçə cildə sığardı? Müəlliflər siyahısına baxıram. Millət vəkili, professor, alim, aparıcı jurnalistlərimiz, sadə insanlar, qohumlar. Hələ tam deyil bu siyahı. Neçə-neçə dostunun, iş yoldaşının onun ölümündən sonra göz yaşları qurumasa da, qələmlərinin mürəkkəbi quruyub. Təqsirkarsa feilin keçmiş zamanıdır. Onun haqqında keçmiş zamanda yazmaq çox çətindir.
Mən bu kitabın redaktoru, ön sözün müəllifi və tərtibçisi professor, dostumuz Buludxan Xəlilovun və ideya rəhbəri, İbrahimin xanımı Elnarə Ömərovanın yerində olsaydım hisslərini varağa köçürə bilməyən insanların da adlarını, şəkillərini o kitaba salardım. Sadəcə onlara ayrılan hər səhifədə böyük, qara
hərflərlə bir SÖZ yazardım: “SÖZSÜZ”. Çünki qiyməti olmayan hər hansı bir sənət şedevrini qiymət cədvəlində rəqəm tapa bilməyəndə “QİYMƏTSİZ” etalonuyla qiymətləndirirlər. Bəs söz tapa bilməyəndə necə? Əlbəttə ki, “SÖZSÜZ”. Axı belə məqamlarda SÖZ də qiymət etalonudur. Bəs qələmi olmayan, İbrahimi sevən digər sadə sənət sahibləri, insanlar istəməzdilərmi ki, bu kitabda adları və şəkilləri getsin? Əlbəttə ki... belələri yüzlərlədir.
Bu kitab bir xatirədir. Kitab rəfimizi bəzəyən xatirə yox. Ömrümüz boyu ürəklərimizdə gəzdirəcəyimiz xatirələr. İbrahimlə bizi isə yalnız bir şey fərqləndirir. Kitab da elə bu cümlələrlə bitir. Həyat yoldaşı Elnarə Ömərovanın sözləri hamımızın sözüdür: “...hər dəfə ananla, uşaqlarla “yeni mənzilinə” baş çəkəndə dostlarının gətirdiyi gülləri görürəm. Onlarla qarşılaşıram. Unutmayıblar, unutmurlar... Hər şey eynidi... baxışların, duruşun, təkcə görüş yerin dəyişib. Biz ağlayırıq, sən gülümsəyirsən...
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir... sən məndən uzaqlaşırsan
Mən sənə günbəgün yaxınlaşıram”.
P.S. Bu qədər İbrahim. Bu da dostun Mahirin sənin haqqında yazdığı növbəti SÖZ. Yeni zaman kəsiyində, yeni dostlarınla, biz dostlarsız qeyd etdiyin 1 yaşın mübarək! Yekə oğlan olasan!