Universiteti bitirən gənclərin iş axtarışında üzləşdiyi əsas problem təcrübədir və bu hələ də öz həllini tapmayıb. Şirkətlər təcrübəli kadr tələb edir, amma heç kim gənclərə iş vermədiyi üçün həmin təcrübəni qazanmaq mümkünsüz olur. Hər il minlərlə gəncin üzləşdiyi bu qapalı dairə əmək bazarının əsas problemlərindən biridir.
Mövzu ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva Modern.az-a açıqlamasında Şirkətlərin tələbələr üçün daha çox ödənişli və ya uyğun şərtlərlə təcrübə imkanları yaratmalı olduğunu qeyd edib.
O gənclərin ilk işə qəbulunu asanlaşdıran proqramlar, təcrübə imkanları yaradan işəgötürənlər üçün tələbə-məzunların əmək bazarına keçidini dəstəkləyən layihələrin bu baxımdan əhəmiyyətli olduğunu da bildirib:
"Müasir dövrdə nəzəri biliklərlə yanaşı, həmin bilikləri praktikada tətbiq etmək bacarığı da işəgötürənlər üçün əsas meyarlardan birinə çevrilib. Tələbə təşkilatlarında fəaliyyət, elmi layihələr, könüllülük, müxtəlif müsabiqələr, beynəlxalq proqramlar və komanda işləri onların şəxsi və peşəkar inkişafına ciddi töhfə verir. Lakin bunlar hər zaman konkret ixtisas üzrə iş təcrübəsini əvəz etmir. Buna görə də ali təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın daha da gücləndirilməsi vacibdir. Bununla yanaşı karyera mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi də vacib istiqamətlərdəndir".
Deputat bildirib ki, tələbələrə CV hazırlamaq, müsahibəyə hazırlaşmaq, əmək bazarının tələblərini anlamaq və ixtisaslarına uyğun iş imkanlarını tapmaq sahəsində daha sistemli dəstək göstərilməlidir. Eyni zamanda, universitetlər məzunlarının əmək bazarındakı vəziyyətini izləməli və bu məlumatlardan tədris proqramlarının təkmilləşdirilməsində istifadə etməlidirlər.
Bu prosesdə gənclərində üzərinə düşən məsuliyyəti unutmamalıyıq:
"Tələbəlik illərindən etibarən xarici dil, rəqəmsal bacarıqlar, ünsiyyət, komanda işi və ixtisas üzrə əlavə biliklərə yiyələnmək onların rəqabət qabiliyyətini artırır. Universiteti bitirən gənc yalnız diplomla deyil, həm də bacarıqları, təşəbbüskarlığı və öyrənmək həvəsi ilə əmək bazarına daxil olmalıdır. Əsas məsələ ondan ibarətdir ki, təhsil müəssisələri, dövlət qurumları, işəgötürənlər və gənclərin özləri bu prosesdə birgə məsuliyyət daşıyırlar".
Deputat həmçinin qeyd edib ki, Biz elə bir mühit yaratmalıyıq ki, gənc ilk işə müraciət edərkən universitet illərində qazandığı bilik və bacarıqları da inamla təqdim edə bilsin. Bu baxımdan, gənclərin təcrübə qazanması həm onların gələcək karyerası, həm də ölkənin insan kapitalının inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Lamiyə Cənnətzadə