Şəhərdə mobilliyin transformasiyası fonunda vətəndaşların ictimai nəqliyyat və şəxsi avtomobil arasında seçim imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır.
Modern.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev şəhər mobilliyi, ictimai nəqliyyat və alternativ nəqliyyat imkanları ilə bağlı məsələlərə münasibət bildirib.
Ekspertin sözlərinə görə, xüsusilə şəhər mərkəzinə şəxsi avtomobillə daxil olmaq əvəzinə, hibrid nəqliyyat modelindən istifadə daha səmərəli ola bilər. Belə ki, vətəndaş avtomobillə müəyyən məsafə qət etdikdən sonra nəqliyyat vasitəsini park edib yoluna avtobus, metro, piyada və ya mikromobillik vasitələri ilə davam edə bilər.
R.Ağamirzəyev qeyd edib ki, son üç il ərzində yaradılan avtobus zolaqları nəticəsində avtobusların orta hərəkət sürəti və avtobusla səfər edənlərin sayı artıb.
Onun sözlərinə görə, mikromobillik zolaqlarının yaradılması da şəhərdə alternativ nəqliyyat imkanlarını genişləndirib.
Ekspert piyada infrastrukturu ilə bağlı işlərin də sürətləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, kəsintisiz piyada səkilərinin, zebra keçidlərinin, işıqforların, təhlükəsizlik adacıqlarının və kontrast işıqlandırmanın artırılmasına ehtiyac var.
R.Ağamirzəyev əlavə edib ki, nəqliyyat infrastrukturu yaşlı və fiziki məhdudiyyətli şəxslər üçün də əlçatan olmalıdır.
“Vətəndaşların nəqliyyat seçimləri daha da genişlənəcək”
Nəqliyyat eksperti bildirib ki, metro, dəmir yolu və tramvayla bağlı layihələrin icrası tamamlandıqca şəhər sakinlərinin nəqliyyat seçimləri daha da genişlənəcək.
Onun sözlərinə görə, Hövsan istiqamətində qatarların hərəkətinin də nəzərdə tutulması bu baxımdan əhəmiyyətlidir.
Ekspert hesab edir ki, əsas məqsəd ictimai nəqliyyatı daha rahat, komfortlu, sürətli və digər nəqliyyat növləri ilə inteqrasiya olunmuş vəziyyətə gətirməkdir.
“Vahid bilet sistemi, düzgün naviqasiya və nəqliyyat növləri arasında rahat keçidin təmin edilməsi insanların ictimai nəqliyyata üstünlük verməsinə təsir göstərə bilər”, – deyə R.Ağamirzəyev bildirib.
Beləliklə, ictimai nəqliyyat və şəxsi avtomobil arasında seçim vətəndaşın öz qərarı olaraq qalsa da, şəhər infrastrukturunun inkişafı daha sürətli, rahat və sərfəli alternativlərin formalaşdırılmasına yönəlir.
Aydan