Modern.az

ABŞ mətbuatı Azərbaycanda keçiriləcək Prezident seçkilərindən yazdı

ABŞ mətbuatı Azərbaycanda keçiriləcək Prezident seçkilərindən yazdı

Diaspor

26 Yanvar 2024, 13:44

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında "Uğurlu hərbi əməliyyatdan sonra Azərbaycanda seçkilər keçiriləcək" sərlövhəli məqalə dərc olunub. 

 

Tanınmış poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd olunub ki, bu yaxınlarda Xankəndidəki separatçı rejimin ləğvi ilə nəticələnən uğurlu hərbi əməliyyatdan sonra Azərbaycanda keçiriləcək Prezident seçkilərində dövlət başçısı postuna namizədlərdən biri olan hazırkı prezident İlham Əliyevə xalqın dəstəyi ən yüksək həddə çatıb.

 

Diqqətə çatdırılıb ki, Birinci Qarabağ müharibəsi zamanı ermənilər Qarabağda və Azərbaycanın 7 rayonunda etnik təmizləmə aparıb, nəticədə ölkə ərazisinin beşdə biri işğal olunub: “Ermənilər ərazidəki bütün infrastrukturu və təbiəti dağıdaraq əvəzində minalanmış sahələr yaradıblar. Dağıntı o qədər böyük idi ki, Azərbaycana səfər etmiş İsrailin keçmiş rabitə, peyk və kibertəhlükəsizlik naziri Ayub Kara burada şahidi olduqlarının Livanın cənubunda gördüklərindən daha acınaqcaqlı olduğunu söyləyib. Amma indi Azərbaycanın hərbi qələbəsi bölgədə fərqli reallıqlar yaradıb. Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində işğaldan azad edilmiş Qarabağın dirçəlişi və bərpası prosesi gerçəkləşir və bütün azərbaycanlılar buna görə ölkə başçısına minnətdardırlar”.

 

Məqalədə Azərbaycan Prezidentinə də istinad olunub: “Biz Ermənistan rəhbərliyinə və onun arxasında duran Qərb dövlətlərinə dəfələrlə xəbərdarlıq etmişdik ki, bu vəziyyət belə davam edə bilməz. Ya separatçı rejim ləğv edilərək Ermənistan ordusu ərazimizdən çıxarılacaq, ya da güc yolu ilə dövlət suverenliyimizi bərpa edəcəyik. Təəssüf ki, sözümüz eşidilmədi. Sentyabrın 19-da başlayan və cəmi bir gün, hətta ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatdı. Separatçı rejim süqut etdi, qarşımızda diz çökdü, ağ bayraq dalğalandırdı, təslim oldu, əbədi olaraq torpaqlarımızdan qovularaq tarixin zibilliyinə atıldı. Beləliklə, Azərbaycanda separatizmin kökü kəsildi və separatizm, bu bəla bir daha torpaqlarımızda baş qaldırmayacaq”.

 

İsrailli politoloqun fikrincə, özünün müasir siyasi arxitekturasının yaradılması məqamında Azərbaycan Respublikası Cənubi Qafqazın lokomotivi və güc mərkəzi kimi yeni yola qədəm qoyur və təbii ki, burada yeni yanaşmalardan istifadə edilməlidir. Bu baxımdan növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı mövcud reallığı tam əks etdirməklə yanaşı, Azərbaycan xalqının öz Prezidentinin ətrafında necə səfərbər olduğunu, özünün dövlətçilik ənənələrinə və milli ideologiyasına sadiqliyini bütün dünyaya nümayiş etdirir.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//foreignpolicyblogs.com/2024/01/24/elections-to-be-held-in-azerbaijan-following-successful-military-operation/

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok