Modern.az

Məni əsgərlərin sırasına yaz! 

Məni əsgərlərin sırasına yaz! 

18 Avqust 2020, 09:05

Əli Nəcəfxanlı


Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm – dizində sənin!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də sənin!

 

Zəhərə dönübdü bu hava, bu su,
Bitib tükənməyən ağrın, acın var.
Olsun, haqqı-sayın haramım olsun,
Neçə ki qisasa ehtiyacın var.

 

İgid oğulların demə ələnmiş, 
Hazıram uğrunda  döyüşüb  ölüm. 
Yaran bitişincə, qana bələnmiş
Lalə bitirəcək çəmənim, çölüm.

 

Məni əsgərlərin sırasına yaz,
Olum sərhədinin sipər şairi.
Çarpışım, vuruşim, toxdayım bir az,
Olmayım bağ-bostan, çəpər şairi.


Bələdçi gözündə gör, heç olmasa, 
Yaxşı tanıyıram o dağı, düzü.
Mənə bir qumbara ver, heç olmasa, 
Bir düşmən postunu dağıdım özüm.

 

Göz dağı olmasam, gözümdən olum,
Üzünə yad kimi baxana, Vətən!
Sınsın dar ağacı olmayan qolum, 
Səni yandırana, yaxana, Vətən!

 

...Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm – dizində sənin!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də sənin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok