Modern.az

Azərbaycan fəlsəfəsinin müdrik ağsaqqalı: İzzət Rüstəmov

Azərbaycan fəlsəfəsinin müdrik ağsaqqalı: İzzət Rüstəmov

Ədəbi̇yyat

15 Fevral 2022, 10:36

Mən şəxsən İzzət müəllimi ilk dəfə fəlsəfə üzrə dissertasiya şurasının üzvü kimi tanımışam. 1989-cu ildə namizədlik dissertasiyasımı müdafiə edəndə də, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edəndə də o, ictimaiyyətinin ən nüfuzlu nümayəndələrindən biri olaraq dissertasiya şurasının üzvü idi. O, indi də Azərbaycan fəlsəfə ictimaiyyətinin ən nüfuzlu nümayəndələrindən biri olaraq qalır, və görünür elə buna görə də bütün digər sferalarda olduğu kimi, kadr hazırlığı sahəsində də öz yüksək statusunu saxlayır, yenə də ən müxtəlif elmi şuraların və ekspert şuralarının üzvüdür.


Elə bu səbəbdəndir ki, İzzət müəllim haqqında mənim ilk təsəvvürüm onun dissertasiya şurasının üzvü olaraq fəaliyyətini müşahidə etdiyim zaman yaranmışdır. İzzət müəllim dissertasiya şurasının digər hörmətli üzvlərindən bir sıra xüsusiyyətinə görə fərqlənir, əlbəttə ki müsbət mənada. Əvvəla dissertasiya şurasının iclaslarında onun yeri həmişə yuxarı başdadır. İkincisi, fəlsəfənin, eləcə də sosiologiyanın və siyasi elmlərin ən müxtəlif mövzuları ilə bağlı dissertasiya şurasının iclaslarında onun tərəfindən söylənilən fikirlər öz professionallığı ilə seçilir. İzzət müəllimin malik olduğu bu xüsusiyyətlər əlbəttə ki, şuranın bir çox digər üzvlərinə də aiddir. Lakin İzzət müəllimi şuranın bütün digər hörmətli üzvlərindən fərqləndirən ən azı daha bir xüsusiyyət də vardı ki, bu xüsusiyyət şuranın heç bir digər üzvündə yoxdur, və ya o qədər azdır ki, yox dərəcəsindədir. Məhz bu xüsusiyyətinə görə İzzət müəllim şuranın bütün digər üzvlərindən seçilirdi. Bu xüsusiyyət təxminən belə bir situasiyada özünü göstərir: şura üzvləri olan hörmətli professorlardan hər hansı biri ilə həmin şurada dissertasiya müdafiə etməli olan iddiaçı arasında hər hansı bir anlaşılmazlıq, hər hansı fikir ayrılığı yarandığı zaman İzzət müəllim, bir qayda olaraq, şura üzvü olan hörmətli professor həmkarının mövqeyini deyil, şurada dissertasiya müdafiə etməli olan iddiaçının mövqeyini dəstəkləyir. İzzət müəllim bununla da, həm müstəqillik nümayiş etdirir, həm də əslində bir mərdlik və qətiyyət, himayədarlıq və ağsaqqallıq nümayiş etdirir. İzzət müəllim indi də həmin adamdır, müstəqil, mərd, qətiyyətli, əzilənin və təzyiq altında olanın himayəçisi, ağsaqqal.


Elə bu səbəblərdəndir ki, elmdə ilk addımlarını atmağa başlayan gənclər İzzət müəllimə daha çox etibar edir, daha çox güvənirlər. Bunun sayəsindədir ki, İzzət müəllim 20-dən çox elmlər namizədi və 6 elmlər doktoru yetişdirmişdir, bu işi hazırda da uğurla davam etdirir.


Fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə yüzdən artıq dissertantın və doktorantın rəsmi opponenti olmuşdur. Hətta bir-birindən kifayət dərəcədə fərqli ixtisaslar üzrə, fəlsəfə və sosioloyiya ilə yanaşı həm də beynəlxalq münasibərlər, hüquq və psixologiya ixtisasları üzrə cəsarətlə opponentlik etmək hünərini də nümayiş etdirmişdir və bunu son dərəcə professionallıqla bacarmışdır, özü də həmçinin son dönəmlərdə, yaşı 90-ı haqladığı zamanlarda.


Onun tələbələri içərisindən dörd akademik, iki müxbir üzv seçilmişdir.


Professor İzzət Rüstəmovun özünün əsərləri, mövzuları, maraq dairəsi isə xeyli genişdir.


1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.


1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını almışdır. 1984-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Fəlsəfə kafedrasının müdiri, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır. 2004-cü ildən yaxın son illərədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışmışdır.


Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasında ilk fəaliyyət göstərən Ali Attestasiya Komissiyasında fəlsəfə üzrə ekspert şurasının ilk sədri olmuşdur. İzzət Rüstəmovun tutduğu bütün bu vəzifələrdə davranış kodeksinin bir nömrəli prinsipi sadəlik olmuşdur.


İzzət müəllim 100-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 7 kitabın müəllifidir. İzzət Rüstəmovun 1969-cu ildə çap olunan "Həsən bəy Zərdabi (Dünyagörüşü)" adlı monoqrafiyası zərdabişünaslıq sahəsində ən nüfuzlu əsərlərdən biri sayılir, bu sahədə araşdırmalar aparan tədqiqatçılar üçün fundamental qaynaqlardan biridir. 1992-ci ildə çap olunan "XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti" və 1991-ci ildə çap olunan "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri" monoqrafiyaları Azərbaycanda elmin inkişaf tarixinin öyrənilməsi istiqamətində atılan mühüm addımlar sırasındadır.


Bu əsərlər, bu mövzular XIX əsrin axırı, XX əsrin başlanğıcında Azərbaycanda elm dilinin və bu dövr üçün cəmiyyətdə elmin rolunun mənalandılrılması xüsusiyyətlərinin XX əsrin axırı, XXI əsrin başlanğıcında Azərbaycan oxucusuna çatdırmaq üçün misilsiz əhəmiyyətə malikdir. Düşünürəm ki, İzzət müəllimin əsərləri müasir Azərbaycan elmi leksikasının zənginləşdirilməsi üçün də əhəmiyyət kəsb edə bilər.


İzzət müəllimin 2006-cı ildə çap etdirdiyi "Əslimiz-nəslimiz (tarixi-sosioloji etüdlər)" kitabı fəlsəfi-sosioloji avtobioqrafiya janrının Azərbaycanda ilk nümunəsi kimi qiymətləndirilə bilər.


İzzət müəllimin tərcümə sahəsində də böyük xidmətləri vardır. O, Azərbaycanda estetik təfəkkürün inkişafında mühüm rol oynayan, estetikanın təməl prinsiplərini anlaşıqlı bir tərzdə şərh edən Qısa estetika lüğətinı akademik Aslan Aslanovla birgə Azərbaycan dilinə tərcümə etmişdir. A.V.Anikinin İzzət müəllim tərəfindən doğma dilimizə tərcümə olunan "Elmin gələcəyi" əsəri alimlik fəaliyyətinin romantikasını duymaq üçün misilsiz bir kitabdır. "Ümumi sosiologiya" adlı fundamental dərs vəsaitinin Azərbaycan dilinə tərcümə olunmasında İzzət müəllimin xidmətləri müstəsna əhəmiyyət kəsb edir.


Dövlətimiz professor İzzət Rüstəmovun əməyini yüksək qiymətləndirmişdir. Xalqımızın ulu öndəri Heydər Əliyev onu yüksək dövlət vəzifələrinə təyin etmiş və onun barəsində belə demişdi: "İzzət Rüstəmov çox saf mənəviyyatlı bir adamdır, namuslu insandır, fədakar adamdır". 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə professor İzzət Rüstəmov "Şöhrət ordeni"nə layiq görülmüşdür. Cənab Prezidentin başqa bir qərarı ilə ona fəxri prezident təqaüdü təyin olunmuşdur.


İzzət müəllimin yaşı artıq doxsana gəlib çatsa dа, həyat eşqi, şövq, həvəs, gənclik gümrahlığı qətiyyən azalmamışdır. Bu yaşda bəlkə də çoxları öz övladlarından özünə qarşı bir qayğı, bir mülayimlik, bir şəfqət umardılar. Amma İzzət müəllim yenə də, bu yaşda da övladların qayğısına möhtac olanlardan deyildir, övladlarına qayğı göstərmək qüdrətini özündə saxlayanlardandır. Qəhrəman oğlu, Azərbaycanın Milli  Qəhrəmanı - Məzahir Rüstəmovun övladlarını öz qayğı məkanında saxlamaq qüdrətini özündə daşımaqdadır.


Sonda İzzət müəllimin doğulub boya-başa çatdığı Düz-Rəsullu kəndinin yerləşdiyi Şınıx mahalı, Gədəbəy torpağı, gədəbəylilər və xüsusən də Şınıx mahalından olanlar barədə təəssüratlarımı bölüşmək istərdim. 2001-ci ildə mən Gədəbəyin Şınıx mahalında, İsalı kəndində akademik Firudin Köçərlinin qonağı oldum. Burada mən müharibənin acı izlərini gördüm. Qarabağ müharibəsi zamanı bu yerlər də döyüş meydanı olmuşdu. Amma Şınıx mahalından olanlar bir qarış torpağı da ermənilərə təslim etməmişdirlər, əksinə Baş kəndi ermənilərdən almışdılar. İzzət müəllimin oğlu Məzahir Rüstəmov da daxil olmaqla, onlar düşmənə qarşı döyüşə mərdi-mərdanə atıldılar, torpaqlarını qorudular və düşməni geri çəkilməyə məcbur etdilər.


Məni son dərəcə heyrətə salan və bu yerlərin sakinlərinə hörmətimi birə-on artıran isə o oldu ki, bu insanların heç biri düşmən döyüş meydanından geri oturdulduqdan sonra düşmənin qarasına deyinmədi. Çünki o, öz sözünü düşmənin üzünə, mərdi-mərdanə döyüş meydanında demişdi.


Bu şanlı, mərd insanlar torpağından boy atan İzzət müəllimə “Doxsan illiyin mübarəkdir!” deyirəm.


Adil ƏSƏDOV

fəlsəfə elmləri doktoru, professor

Azərbaycan Milli Elmlər Akademiyası

Fəlsəfə və Sosiologiya İnstitutunda şöbə müdiri,

Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi