Modern.az

Ərdoğandan ATƏT və Avropa Birliyinə: "Həddinizi bilin"

Ərdoğandan ATƏT və Avropa Birliyinə: "Həddinizi bilin"

Aktual

17 Aprel 2017, 22:30

“Avropanın ATƏT deyə bir təşkilatı var. Özlərinə görə hesabat hazırlayırlar. Türkiyədəki seçkilər elə olmuş, belə olmuş. Əvvəl həddinizi bilin, həddinizi. Sizin açıqladığınız siyasi hesabatları qəbul etmirik. Türkiyə, Qərbdə görülməyən ən demokratik seçkiləri reallaşdırdı”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan konstitusiyaya dəyişikliklə bağlı referendum nəticələrindən sonra vətəndaşlar qarşısındakı çıxışında bildirib.

Türkiyə prezidenti bildirib ki, 54 ildir ölkəsini Avropa İttifaqının qapıları arxasında gözlədirlər: “Amma indi biz oturub danışacağıq və lazım gəlsə bu məsələ ilə bağlı ümumxalq səsvermə  keçirəcəyik. Avropa İttifaqının təsisçilərindən biri olan Böyük Britaniya qurumu tərk edir. Norveç də Avropa İttifaqının kənarındadır. Biz xalqın rəyini öyrənəcəyik. Xalq nə desə, o da olacaq. Avropa İttifaqı vədlərinə əməl etmədiyi təqdirdə fəsadlarla üz-üzə qalacaq. Terrorçu təşkilatları dəstəkləmək olmaz, Türkiyə heç bir zaman öz sərhədləri daxilində hər hansı terrorçu qurumun yaradılmasına imkan verməyəcək”.

 

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞPA müşahidəçiləri ötən gün Türkiyədə keçirilən Konstitusiya islahatlarına dair referendumla bağlı gözlənilən hesabatını açıqlayıblar.  

Hesabatda bildirilir ki, referendum ümumilikdə Avropa Şurası standartlarına uyğun deyil.

 

Hesabatda, həmçinin, konstitusiya referendumunda icra orqanlarının "evet" kampaniyasının lehinə qanunsuz təbliğat apardığı, təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmadığı, referendumun qeyri-bərabər şərtlər altında keçirildiyi, səslərin sayılması prosesində son anda edilən dəyişikliklərin vacib olan etibarı aradan qaldırdığı, hüquqi çərçivənin demokratik bir prosesin həyata keçirilməsi üçün qeyri-kafi olduğu vurğulanıb.

 

Modern.az 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı