Azərbaycanda xüsusi təhlükəli xəstəliklərdən heyvan tələfatı olmayıb. Daxili terapevtik, qan parazitar və mövsümi xəstəliklərdən heyvanlar arasında tək-tək hallarda tələfat ola bilər.
Modern.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.
Onun sözlərinə görə, bu xəstəliklər də heyvan sahibinin vəsaiti hesabına müalicə olunur:
“Ancaq hansısa xəstəlikdən kütləvi tələfat halı qeydə alınmayıb. Məsələn, qan-parazitar xəstəlikləri baş verən zaman vaxtında baytara müraciət edilməyən zaman tələfat ola bilir”.
Şöbə müdiri deyib ki, sağlam heyvanlar tükü sığallı, burunun tüksüz yerləri - burun aynası həmşə nəmli olur:
“Bədəndə temperatur 1 dərəcə yüksələndə burun aynası quruyur. Qan-parazitar xəstəliklərində 1 sutka keçəndən sonra baytar həkim çağrılır, bu da gec olur. Qan-parazitar xəstəliklərinin əsas törədicisi gənələrdir. Vaxtı keçəndən sonra o heyvanı həyata qaytarmaq mümkün deyil”.