Modern.az

Azərbaycanda Coca-Cola-nın sponsorluğundan imtina edildi

Azərbaycanda Coca-Cola-nın sponsorluğundan imtina edildi

Current

19 İyun 2012, 19:29

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər arasında keçirilən futbol turnirində Coca-Cola-nın sponsorluğundan imtina edib. Bu barədə məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının portalı olan qhtxeber.az-ın redaktoru Sənan Nəcəfov bildirib. O deyib ki, Şura dəfələrlə ictimai sektorla özəl sektorun birgə əməkaşlığının genişləndirilməsi üçün layihələrin reallaşdırılmasında maraqlı olduğunu ortaya qoyub, təkliflər verib, hətta Koorporativ Sosial Məsuliyyət haqda qanun layihəsinin işlənməsi üçün müzakirələr keçirib, işçi qrup yaradıb.

“Futzal turnirinin Təşkilat Komitəsi QHT-lərin bu turnirinə əlavə rəng qatmaq, daha doğrusu, QHT- özəl sektor əməkdaşlığını nümunə göstərmək üçün şirkətlərə sponsorluq məqsədilə müraciət etdi. Coca-Cola şirkəti bu məsələdə dəstək verəcəyini bildirdi və centlmensayağı razılığa əsasən turnirə başlanıldı. İki tur keçirilsə də, şirkət maliyyə dəstəyi vermək haqda heç bir addım atmadı. İşini ancaq içməli su paylamaqla bitmiş hesab edən şirkətin bu mövqeyi maraq doğurmaya bilməzdi. Sonuncu turda isə ümumiyyətlə oyunçulara su paylanması da dayandırıldı” deyən S.Nəcəfov bunun səbəblərini aydınlaşdırmaq məqsədilə Coca-Cola-nın marketinq əməliyyatları üzrə meneceri Qabil Əhmədovla əlaqə saxlanıldığını bildirib. Qabil Əhmədovun cavabı isə şok oldu: “Biz heç kimə sponsorluqla bağlı söz verməmişik. Ancaq su göndərə bilərik. Vəssallam”.  

S.Nəcəfov deyib ki, hamı təsdiqləyər ki, oyunçulara su paylamaqla - hələ o da tam yerinə yetirilməyib - baş sponsorluq sözləri bir-birinə heç uyğun gəlmir: “Bəlkə, Əhmədovun standartlarında bu belədir, amma bizim üçün bunun adı başqasının əziyyətindən özünə xal qazanmaqdır. Bunu Coca-Cola kimi şirkətə yaraşdırmadıq”.
Onun sözlərinə görə, bu səbəbdən də QHT-lər arasında futzal üzrə turnirin Təşkilat Komitəsi Coca-Cola şirkəti ilə əməkdaşlığını dayandırır və qarşı tərəfin sözünün sahibi olmaması, bu turnirdə adlarının hallanmasından yararlandıqları üçün təəssüflənir.
1 aya yaxındır Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə QHT-lər arasında futzal turniri keçirilir. Artıq qrup mərhələsi başa çatıb, ¼ final oyunlarının iştirakçıları məlumdur. Şura QHT-lərin kütləvi yarışını təşkil etməklə “İdman ili”nə töhfə vermək niyyətindədi.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı