Modern.az

Daha bir alim Mehdiyevə qarşı: “Doğrudanmı, vəzifə bu qədər şirindi?” 

Daha bir alim Mehdiyevə qarşı: “Doğrudanmı, vəzifə bu qədər şirindi?” 

Current

10 Fevral 2022, 16:20

Anar İsgəndərov

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

 

Bu yazını xalqımız üçün ağrılı bir gündə qələmə alıram. 1828-ci il fevralın 10-da Qacarlar İranı ilə çar Rusiyası arasında Təbriz yaxınlığında Türkmənçay müqaviləsi imzalandı. Müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqları ləğv edilərək, Rusiyanın işğalı altına keçdi. Müqavilənin 15-ci maddəsinə görə Qacarlar İranı ərazisində yaşayan ermənilər Azərbaycanın şimalına - o cümlədən Qarabağ, Şamaxı və Naxçıvan torpaqlarında məskunlaşa bilərdilər. Çar Rusiyası bu işi öz maraqlarına uyğun həll etmək üçün Təbrizdə Köçürmə Komitəsi təşkil etmişdi. Komitəyə rəhbərlik edən erməni Lazarev ermənilərə müraciətində deyirdi ki, Sizə təzə vətən tapmışıq. Bu, Qarabağ, Naxçıvan, Şamaxı torpaqlarıdır. Siz hər cür vergilərdən azadsınız. Rus çarı həmişə yanımızdadır.

 

Erməniləri bu torpağın sahibi etmək üçün həmin ilin martın 21-də İrəvan və Naxçıvan torpaqlarında erməni vilayəti yaradıldı. Beləliklə, bu müqavilə nəticəsində Araz çayı sərhəd olmaqla Azərbaycan torpaqları iki yerə bölündü, Cənubi Qafqazın demoqrafiq vəziyyəti dəyişdi, gəlmə  ermənilər tərəfindən  türk-müsəlman əhalisinə qarşı soyqırımı siyasətinin əsası qoyuldu.

 

Amma çox təəssüflər olsun ki, uzun illər bu siyasətin mahiyyətini dərk edə bilmədik. Dərk edə bilmədik ki, o taylı, bu taylı müstəqil Azərbaycan xanlıqları eyni dilin, eyni dinin sahibi olduqları  halda, nə üçün birləşə bilmədilər? Çünki hakimiyyət onlar üçün hər şeydən irəli idi. Daha güclünün ətrafında birləşmək əvəzinə zəiflərlə birləşib daha güclünü hakimiyyətdən salmaq üçün yollar axtarıb tapdılar. Bir-birilərinə güzəştə getmədilər. Nəticədə Vətən əldən getdi! Onlar başa düşmədilər, bəs bizə nə olub?

 

Uzun illərin təcrübəsi göstərdi ki,  düşmənimiz bizə qonşu olan ermənilərdir. O da məlum oldu ki, faşist təxəyyülünün sahibi olan ermənilərin havadarları çoxdur. Onu da dərk etdik ki, bu ədalətsiz dünyada bizim haqq işimizi müdafiə edən dövlətlər  və nüfuzlu təşkilatlar da azdır. Onu da dərk etdik ki, Azərbaycan həqiqətlərini dünya yaymaq, erməni məkrini ifşa etmək üçün daha çox mənbələri üzə çıxarmalıyıq, daha çox birləşməyə ehtiyacımız var.

 

44 günlük Vətən Müharibəsində nə üçün qalib gələ bildik? Çünki dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi xalq və iqtidar dəmir yumruq kimi birləşə bildi. Bu tarixi həqiqətə heç kimin şübhəsi yoxdur. Bu birliyi qoruyub saxlamaq üçün biz ziyalıların üzərinə hansı məsuliyyət düşür?

 

Son günlərin  müzakirə olunan məsələsi Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı durumu ilə bağlıdır. Mənə belə gəlir ki, dünyanı lərzəyə salan, düşmənə danışıqsız təslim aktını imzaladan , mübariz xalq, qəhrəman əsgər adını alan 10 milyonluq Azərbaycanın işi-gücü Akademiya rəhbərliyinin fəaliyyətinin müzakirəsi olmamalıdır. Daxildəki birliyimizə xələl gətirə bilən heç bir hərəkətə yol verməməliyik. Deputat kimi təmsil olunduğum rayonda ana gördüm iki övladı şəhid olub, amma şəhid övladlarından daha  çox işğaldan azad etdiyimiz torpaqlardan danışır. Cavan gəlin gördüm, şəhid olan ərinin tabutun altına girərək onu son mənzilə qədər yola saldı. Şəhidlərimiz  vəzifə istəmədilər, vəzifə üçün vuruşmadılar .Onların əsas vəzifəsi işğal altında inləyən torpaqlarımızı azad etmək  idi. Azad etdilər də.

 

 

Ramiz müəllim uzun müddət hakimiyyətin ən yüksək dairələrində təmsil olunub. Belə məsuliyyətli və şərəfli iş hər adama nəsib olmur. Amma təəssüflər  olsun ki, Ramiz müəllimdən gənclərə nümunə ola biləcək hərəkətin şahidi ola bilmirik. Doğrudanmı, vəzifə bu qədər şirindi ki, mərdi-mərdanə istefa vermək olmur? Ramiz müəllim, biz ziyalıları çoxsaylı seçicilərimiz və tələbələrimiz qarşısında niyə çətin vəziyyətdə qoyursunuz? Elə etməz olmazmı, istefa mədəniyyətindən söhbət düşəndə biz Sizi nümunə göstərək? Əgər elm məbədimizin problemlərinin həllinə kömək göstərə bilmirsinizsə, ən ağayana hərəkət istefa vermək deyilmi?

 

Qarşımızda çətin və şərəfli imtahanlar durur. Qarabağda uğurla başlanan quruculuq işləri, Zəngəzur dəhlizinin maraqlarımıza uyğun çəkilməsi, Naxçıvanla Azərbaycan arasında yolların bərpası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması … nələr, nələr!  Bu nəhəng işlərin öhdəsindən gəlmək üçün hər cür şəxsi maraqlardan uzaq olmalıyıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı